Azərbaycandan ilk dəfə Qırğızıstana Azərbaycan dili müəllimi göndərildi

Azərbaycandan ilk dəfə Qırğızıstana Azərbaycan dili müəllimi göndərildi
TƏHSİL 13 Oktyabr 2026 16:36

Xarici ölkələrdə Azərbaycan dilinin tədrisi genişləndirilir.

Sitat.info xəbər verir ki, xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üzrə qrant müsabiqəsi çərçivəsində Azərbaycandan ilk dəfə Qırğızıstana Azərbaycan dili müəllimi göndərilib.

Müəllim Ülkər Verdiyeva Bişkek şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziyada və Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə şagirdlərə Azərbaycan dilini tədris edir.

Dərslər əsasən kommunikativ və praktik yanaşma əsasında təşkil olunur. Tədris prosesində şagirdlərin gündəlik ünsiyyət, danışıq, dinləyib-anlama, oxu və yazı bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Bununla yanaşı, dərslərdə Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı materiallardan da istifadə olunur.

Layihənin əsas məqsədi şagirdlərin Azərbaycan dili üzrə bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, ölkəmiz haqqında məlumatlılığı artırmaq, Azərbaycan dilini və mədəni irsini xarici ölkələrdə tanıtmaqdır.

Azərbaycandan Qırğızıstana ilk dəfə Azərbaycan dili müəlliminin göndərilməsi dilimizin beynəlxalq səviyyədə təbliği, xaricdə yaşayan azərbaycanlıların ana dilinin qorunması və Azərbaycan–Qırğızıstan arasında təhsil və mədəniyyət əlaqələrinin inkişafı baxımından əhəmiyyətli addım hesab olunur.