"Fransa Senatında və Milli Assambleyasında qəbul edilmiş son qərəzli qətnamə layihələri bir daha onların neytral olmadıqlarının, beynəlxalq normaları heçə saymalarının bariz nümünəsidir. Düşünürəm ki, Fransanın bu addımı bölgədə gedən sülh prosesinin yubadılmasına xidmət edir".
Bu sözləri Sitat.info-ya açıqlamasında Fransanın Ermənistanın lehinə qəbul etdiyi qərarları dəyərləndirən AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Kamran Məmmədli deyib.
Onun sözlərinə görə, bu həmçinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birinin separatizmi qanunverici orqan səviyyəsində dəstəkləməsidir: "Eyni zamanda Fransanın bu formada son addımları Azərbaycan ilə Fransa arasında 1993-cü ildə imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” Müqavilənin kobud şəkildə pozulmasıdır . Fransanın bu qərəzli addımından sonra Azərbaycan dövləti Fransa ilə münasibətləri yenidən gözdən keçirməli və buna kəskin etirazını bildirməlidir".
Siyasi şərhçi təklif edir ki, analoji olaraq Azərbaycan Parlamenti də dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edən, sərvətlərini talan edərək, xalqlarını uzun illər əsarətdə saxlamış Fransaya qarşı oxşar qətnamə layihələri ilə çıxış etsin: "Fransa bilməlidir ki, atacağı hər bir addımın Azərbaycan dövləti tərəfindən anoloji bir cavabı olacaq. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin də üzərinə bu məsələdə ağır bir iş düşür . Onlar da öz növbəsində müəyyən əlaqələrdən və imkanlardan istifadə edərək beynəlxalq səviyyədə Fransanın bu beynəlxalq hüquqa zidd addımlarını hər kəsə bəyan etməli və məsələdə onların tərəf olmasını ifşa etməlidirlər".
Nərgiz,
Sİtat.info