"Müxtəlif ölkələrin kəşfiyyat orqanlarının nümayəndələrinin Qarabağa gəlməsi barədə məlumat var. Bu, qanunsuzdur. Birincisi ona görə ki, həmin ərazilər Azərbaycanın suveren torpaqlarıdır. Bizdən icazəsiz xarici ölkə nümayəndələrinin Qarabağa gəlişi cinayətdir. İkincisi, bu, göstərir ki, sülhməramlılar öz işlərinin öhdəsindən gələ bilmirlər. Onların işi gələn- gedənə qapı açmaq yox, ərazidə təhlükəsizliyi təmin etməkdir".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
O bildirib ki, həmin kəşfiyyatçılar arasında iranlılar da var: " Hətta onların erməni terrorçularına təlim keçəcəklərini iddia edənlər də az deyil. İranla Ermənistanın münasibətləri, həmçinin rəsmi Tehranın regional siyasəti hər kəsə məlumdur. Bu mənada İran kəşfiyyat orqanlarının Qarabağa qanunsuz səfərindən müsbət nəsə gözləməyə dəyməz. Onu da nəzərə almaq lazımdır ki, Qarabağdakı rus sülhməramlıları son vaxtlar Azərbaycan toponimlərini saxtalaşdırır və etirazlarımıza baxmayaraq, dərs çıxarmır, səhvlərini düzəltmirlər. Bu isə onların fəaliyyəti ilə bağlı narazılığımızın əsaslı olaraq artmasına səbəb olur. Düşünürəm ki, əgər rus sülhməramlı işlərinin öhdəsindən gələ bilmirlərsə, qarşıdakı 3 il üçün türkiyəli hərbçilərin də ərazidə sülhməramlı vəzifəsində xidmət göstərmələri gündəmə gəlməlidir. Bu, həm də gələcəkdə, yəni mandatlarının müddəti başa çatanda rus hərbçilərinin bölgədən problemsiz çıxmasını asanlaşdıra bilər".
K.Novruzov vurğuladı ki, başqa bir məqam son zamanlar, demək olar, hər gün təxribatların törədilməsidir: "Həmçinin rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən də mövqelərimiz atəşə tutulur. Bu isə o deməkdir ki, növbəti anti - terror əməliyyatlarının baş tutması istisna deyil. Rəsmi Moskva hətta qeyri - səmimi olsa belə, hazırda Bakının maraqları ilə hesablaşır. Üstəgəl, İrəvanla Moskva arasında ziddiyyətlər artır. Biz bundan istifadə edərək növbəti anti-terror əməliyyatına başlaya bilərik. Bu, sülhə məcburetmə əməliyyatı kimi də qiymətləndirilə bilər və yekun sülh müqaviləsini yaxınlaşdıra bilər".
Məğrur,
Sitat.info