ABŞ Kremlin tələblərinə "yox" dedi: Rusiyanın cavabı necə olacaq?

11:28 27 Yanvar 2022

"ABŞ və NATO Kremlə onun aylardır tələb etdiyi yazılı cavabı göndərib. Cavabın mahiyyəti budur ki, ABŞ və müttəfiqləri Rusiya ilə NATO-nun genişlənib-genişlənməyəcəyi mövzusunu müzakirə etməyəcək, hər bir dövlətin müstəqil xarici və təhlükəsizlik siyasəti var. Şimali Atlantika Blokunun qapıları açıqdır. İkincisi, ABŞ və NATO Rusiya ilə Şərqi Avropadakı hərbi bazalar mövzusunu müzakirə etməyəcək. Üçüncüsü, ABŞ və NATO Rusiya ilə silahlara nəzarət, şəffavlıq və risqlərin azalması mövzularını müzakirə etməyə hazırdır". 

SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, beləliklə, ABŞ və NATO Rusiyanın 3 tələbindən ikisini rədd edib və aydındır ki, bu cavab Kremli qane etməyəcək.

“Silahlara nəzarət, şəffavlıq və risqlərin azaldılması” amorf mövzulardır və Kremli maraqlandırmır. Çünki, Rusiya prezidenti Vladimir Putinin təbirincə desək, Vaşinqton verdiyi vədi yerinə yetirmir. Kreml Vaşinqtona və Brüsselə 3 tələb irəli sürməklə düşünürdü ki, təşəbbüsü ələ keçirib. İndi tam tərsidir, Vaşinqton və Brüssel tələblərə yazılı cavab göndərməklə topu Kremlı atıb. Rusiya prezidenti ya Vaşinqtonun və Brüsselin cavabını qeyri-qənaətbəxş hesab edib Ukraynaya müdaxilə planını reallaşdıracaq, ya da dialoqun davamını seçib Ukrayna ilə sərhəddəki qoşunlarını tədricən geri çəkəcək. Orta yol yoxdur. Vaşinqton Avropadakı müttəfiqlərini indidən ona hazırlayır ki, Rusiya köhnə qitəyə enerji daşınmasını dayandırsa, hansı alternativlər reallaşdırılmalıdır. Bu o deməkdir ki, Vaşinqtonun özü də Kremlin müsbət cavabına ümid etmir".



Xəbər xətti