“Ərzaq bahalaşması il ərzində davam edəcək”: Vüqar Bayramov

13:55 27 Yanvar 2022

“Növbəti illərdə də dünya bazarında ərzaq məhsullarının qiymətində artım olacağı gözlənilir. Ümumiyyətlə, 2022-ci ildə dünya bazarında ərzaq məhsullarının qiymətlərinin artım tempinin davam edəcəyi proqnozlaşdırılır”. 


Bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov SİTAT.İNFO-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən il  ərzaq məhsullarının qiyməti dünya bazarında 38 faiz yüksəldi:

“Yalnız taxıl məhsullarının qiymətində 45 faiz artım qeydə alınmışdı. Bu isə ondan xəbər verir ki, 2021-ci il dünya bazarında kəskin qiymət artımları ilə yadda qaldı. Bu il və növbəti illərdə də bahalaşmanın davam edəcəyi gözlənilir. Hətta proqnozlar ondan ibarətdir ki, 2025-ci ildə ərzağa olan tələbin ödənilməsində çətinliklər müşahidə oluna bilər”. 


Deputat vurğuladı ki, bu kontekstdən təbii ki, yerli istehsalın gücləndirilməsi istehlakın daha çox yerli mənbələr hesabına ödənilməsi olduqca vacibdir:

“İşğaldan azad olunmuş ərazilərimizin böyük kənd təsərrüfatı potensialı var. Bu potensialın reallaşması istehlakda daxili mənbələrin payını artıracaq. Eyni zamanda  biz təklif edirik ki, taxıla oilan tələbin yerli mənbələr heesabına ödənilməsi üçün nəticə əsaslı subsidiyanın taxıl istehsalçılarına təqdim olunması həyata keçirilməlidir. Çünki daha çox məhsul istehsal edən fermer daha çox subsidiya alacaq. Bu da təbii ki, bir tərəfdən  istehsal həcmini stimullaşdıracaq , təşviq edəcək. Digər tərəfdən isə imkan verəcək ki, taxıla olan tələbin daha çox yerli istehsal hesabına ödənilməsi mümkün olsun. Hazırda taxıla olan tələbin 60 faizi yerrli istehsal hesabına ödənilir. Ona görə də, növbəti illər üçün əsas hədəf yerli istehsalın gücləndirilməsidir. Gözlənilir ki, artıq hazırlanan və yaxın vaxtlarda təqdim olunacaq strategiyada da bu məsələ ərzaq təhlükəsizliyi kontekstində yerli istehsalın genişləndirilməsi öz əksini tapacaq”.


V.Bayramov qeyd etdi ki, eyni zamanda anti-inflyasiya tədbirlərinin genişləndirilməsi istiqamətində də istehlak bazarında tədbirlərin davam etdirilməsi vacibdir: “Paytaxt bazarına çıxışlarda bütün baryerlərin aradan qaldırılması kimi tədbirlər də vacibdir. Bu kimi tədbirlərlə bağlı yaxın zamanlarda anti-inflyasiya proqramı çərçivəsində addımlar atılacaq. Məqsəd xüsusən  dünya bazarında gedən qiymət artımlarının Azərbaycan istehlak bazarına təsirlərini minimuma endirməkdən ibarətdir”.  


SİTAT.İNFO



Xəbər xətti