Rusiya-Ukrayna müharibəsinin “qırxı” çıxdı - son durum...

08:00 5 Aprel 2022

Rusiya-Ukrayna müharibəsindən 40 gün ötür. Çoxları müharibənin başlandığı 24 fevral tarixində savaşın bu qədər davam edəcəyini düşünmürdü. Son məlumatlardan biri budur ki, rus qoşunları artıq Kiyev istiqamətindən geri çəkiliblər.

Amma Qərb ölkələri durmadan bəyan edirlər ki, burada hiylə var. Putin Rusiyasının yenidən hücuma keçəcəyi iddia olunur.

Onu da qeyd edək ki, Ukraynaya verilən böyük dəstəyin fonunda Rusiyanın çox duruş gətirə bilməyəcəyi, məğlub olacağı bildirilirdi. Amma görünən odur ki, şimal qonşumuz nəinki dirənir, yeni hücum əməliyyatları üzərində baş sındırır.

Ukraynada son durum nədir? Müharibə nə qədər uzana bilər?

Bu suallarla orada yaşayan soydaşlarımıza müraciət etdik.

Kiyevdə yaşayan Yalçın Qəhrəmanlı “Yeni Müsavat” çox maraqlı faktlar açıqladı: “Müharibə başlayandan savaşın içindəyik və ailəmlə birlikdə Kiyevi tərk etməməkdə doğru qərar verdiyim qənaətindəyəm. Çünki bütün risklərə rəğmən, böyük bir tarixi prosesə şahidlik edirik. Bundan sonra Kiyevə rusların hücum edəcəyinə inamıram. Bu mümkün olmayan bir şeydir. Rusiya sürətlə Ukraynada hakimiyyəti ələ keçirmək istəyirdi. Amma buna nail olmadı. Bundan sonra gedişat rusların xeyrinə olmayacaq. Bu gün vəziyyəti nəzərə alsaq, Putinin istədiyi kapitulyasiyanın baş vermədiyini görürük. Bu günə qədər gedən müharibə göstərdi ki, rusların gücü yox imiş. Son durum ondan ibarətdir ki, Ukrayna Belarusla sərhədi tam təmin edib. Qanlı savaşda bu kifayət qədər ciddi uğurdur. Hazırda Rusiya qoşunları şərq istiqamətinə toplaşır. Yaxın zamanda əsas döyüşlər o istiqamətdə baş verəcək. Rus qoşunları Kiyev və Çernobıl istiqamətindən çıxarılıb.

Yalçın Qəhrəmanoğlu: Azərbaycanlılar Ukraynanın müdafiəsində aktiv iştirak edir

Yalçın Qəhrəmanlı: “Bundan sonra gedişat rusların xeyrinə olmayacaq”

Dediyim kimi, əsas müharibə şərq istiqamətində gözlənilir. Bildiyimiz kimi, bundan öncə, yəni 8 il qabaq ruslar 33 faiz ərazini işğal etmişdilər, Donbas və Krımı nəzərdə tuturam. İndi isə şərq istiqamətində yenidən kiçik bir uğur qazanıb, bunu rus ictimaiyyətinə qələbə kimi sırımaq niyyətindədirlər. Fikirləşirəm ki, 2-3 ay da müharibə davam etsə, Rusiya 8 il öncə işğal etdiyi torpaqlardan da çıxarıla bilər. Ukrayna bu dəqiqə bütün dünyanın diqqət mərkəzindədir. Sivil dünya Ukraynana ciddi dəstək verir. Dünya düzənin təməli hazırda Ukraynada qoyulur. Onu da qeyd edim ki, müharibə başlayandan bu günə qədər Azərbaycan dövləti, ictimaiyyəti, buradakı diasporumuz  Ukraynaya böyük dəstək verdi, bu dəstək hələ də davam edir ki, bu da bizləri çox sevindirir. Silahla müharibəyə qoşulan azərbaycanlarımız da var. Amma nəzərə alaq ki, ilk günlərdə ermənilər ruslara dəstək verdilər. İndi isə ayılıblar. Lvovda tədbir keçirdilər. Ermənistanda da Ukraynaya dəstək aksiyası planlaşdırılır. Gördülər ki, dünya gedişatında növbəti dəfə geridə qalırlar. Azərbaycanın müharibə ilə bağlı mövqeyi də burada az rol oynamadı. Sizin mətbuat orqanınız daxil Azərbaycan mediası tam şəkildə Ukraynanın yanındadır”.

Soydaşımız İngiltərənin Ukraynaya verdiyi dəstəyə xüsusi yer ayırdı: “Əvvəldə dediyim kimi, bütün dünya Ukraynaya dəstək verir. Amma burada Boris Conson xüsusilə diqqət çəkir. Onunla yanaşı cənab Rəcəb Tayyib Ərdoğanın da dəstəyi çox ciddidir. Deyərdim ki, bu iki ölkə lideri ən çox Ukraynaya dəstək nümayiş etdirir. Hazırda təkcə hərb meydanında deyil, həm də diplomatiya sahəsində savaş gedir. Danışıqlar aparılır, nümayəndə heyətləri görüşür. Ukrayna həm də diplomatiya cəbhəsində savaşır. Bu cəbhənin əsas sərkərdələrindən biri dostumuz, Krım türklərinin tanınmış simalarından olan Rüstəm Ömərovdur. O, İstanbul görüşünün əsas təşkilatçı və aparıcılarından biri idi. Eyni zamanda Rüstəm bəy həm də obyektiv analiz etmə qabiliyyətinə malikdir. Çevik və realist siyasətçidir. Cəmiyyətin müxtəlif təbəqələrindən olan qruplarla, müxtəlif millətlərdən formalaşmış icmalarla, xüsusilə Krım tatarları və biz azərbaycanlılarla davamlı əlaqə saxlayan, bizləri maraqlandıran suallara cavab verə biləcək peşəkar diplomatdır. Həm də bizim təmsilçimiz sayıla bilər. Siyasi proseslər barədə onun rəy və fikirləri yerində və dolğun olur. Onun təhlillərinə diqqət yetirəndə məlum olur ki, hətta Rusiya nümayəndə heyətinin üzvləri belə rasional düşünmə qabiliyyətindən məhrumdurlar. Bu şəxslər Putin propoqandasının qurbanlarına çevrilmiş zombi qrupu kimi fəaliyyət göstərirlər. Onlar dövlətlərinin etdiyi ağır müharibə cinayətlərinə haqq qazandırmağa çalışırlar. Lakin Ukrayna xalqının dirənişi bəhrəsini verir. Bu günə qədər Rusiya tərəfindən hətta müzakirə mövzusu kimi qəbul edilməyən Krım məsələsi belə, artıq danışıqların əsas elementini təşkil edir. Danışıqların bu mərhələsinin əsas müsbət nəticələrindən biri də məhz budur. Biz azərbaycanlılar Ukrayna dövlətində və cəmiyyətində özümüzü yad, qonaq kimi hiss etmirik. Əksinə, dövlətin ictimai-siyasi, mədəni, iqtisadi həyatında varıq. Ərazi bütövlüyünün qorunmasında cəbhədə vuruşmaqdan tutmuş bütün mübarizə formalarından istifadə edərək bu dövlətə və xalqa sadiqliyimizi sübut edirik. Təkcə ona görə yox ki, bu dövlət, xalq bizə qucaq açıb, səmimiyət göstərib və nəticədə bura ikinci vətənimizə çevrilib. Həm də ona görə ki, bu, bizim öz kökümüz olan türkçülüyümüzün qarşısında vicdan borcumuzdur. Bu torpaqlarda türk etnosu tarixən rus imperiyasının soyqırımına məruz qalıb. Krım türkləri ana yurdlarından sürgün olunub. Krım məhz bu dövlətin sərhədləri içindədir. 600 min Krım türkü işğaldan sonra bütöv Ukrayna uğrunda öz liderləri Mustafa Ağa Krım oğlunun rəhbərliyi ilə mübarizə aparırlar. Onlar bizi də öz ətraflarında birləşməyə sövq ediblər. Krım türklərinin milli hədəfləri və siyasi mövqeləri bizimlə eynidir. Bu səbəbdən mən də Krım tatar qardaşlarımızın və liderimiz Mustafa ağanın şəxsiyyəti və siyasi platforması ətrafında birləşmiş soydaşlarımızın yanındayam. Azad Ukrayna və azad Krım uğrunda bacardığımı etməyi özümə borc və şərəf bilirəm. Əminəm ki, qələbə bizimlə olacaq. Doğma Kiyevdə, azad və demokratik Ukraynada biz mütləq yenidən görüşəcəyik”.

Anar Natiqoğlu Diaspor TV-yə müsahibə verib - YouTube

Anar Natiqoğlu: “Rusiyanın ciddi uğur qazanacağını düşünmürəm”

Odessada yaşayan Anar Natiqoğlu artıq yaşadıqları vilayətə raket zərbələrinin endirildiyini söylədi: “Baş verənləri tam şəkildə geri çəkilmə kimi qəbul etmək olmaz. Rusların başqa niyyətlə geri çəkildiyini söyləmək də doğru deyil. Bununla rəşadətli Ukrayna ordusunun fəaliyyətini bir qədər kölgədə qoymaq olar. Rus ordusunun ilk planı paytaxtı tutmaq və qanuni seçilmiş prezident Zelenskini devirmək, həbs etmək, yaxud qətlə yetirmək idi. Bundan sonra da öz əlaltılarını hakimiyyətə gətirməyi düşünürdülər. Amma arzuları ürəklərində qaldı. Ürəkağrısı ilə deyək ki, yayılan videolarda bir sıra şəhərlərdə rusların qətliamlar törətdiyini görürük, uşaqları, qadınları, yaşlıları, bir sözlə, mülki əhalini vəhşicəsinə qırırlar. Güllələnmə, zorlama faktları da var.  Bu son bir neçə yüz ildə törədilən ən dəhşətli qətllər sırasına daxil edilməlidir. Təbii ki, bizlər rusların əli, yaxud bilavasitə iştirakı ilə Xocalıda, Qarabağın bir sıra yerlərində törədilən vəhşilikləri də unumamışıq. Hamı bilirdi ki, Ukrayna ətrafında Rusiyanın təkcə ”A planı" yox idi. “B” planlarının olduğu da bilinirdi. Artıq iki gündür ki, yaşadığım Odessa şəhəri də raket atəşinə tutulur. İndi Rusiyanın əsas niyyətlərindən biri də Şərqi Ukraynada böyük əməliyyatlara başlamaqdır. Bununla o istiqamətdə uğurlar qazanacaqlarını düşünürlər. Amma unutmayaq ki, dünyanın “ikinci ordusu” sayılan bu ordu hələ Mariupolu belə tuta bilməyib. Öz aləmlərində “rusdilli əhalini azad etdik” kimi fikirləri rus əhalisinə yedizdirəcəklərini düşünürlər. Hətta deyərdim ki, niyyətlərdən biri də 9 may qələbə gününə kimi bu planı həyata keçirməkdir. Sonra da parad keçirib, ordularını qalib ordu kimi göstərməyə çalışacaqlar. Amma bundan sonra rusların ciddi uğur qazanacaqlarını düşünmürəm. Qara dəniz hövzəsində vurulan rus hərbi gəmilərinin sayı artıq 10-a çatıb. Bu da ciddi hadisədir. Bununla Rusiya cənub sərhədlərini təhlükə altına qoyur"./Musavat.com



Xəbər xətti