İldırım yalnız kənd yerlərində deyil, həm də sıx məskunlaşan ərazilərdə meydana gəlir və insanlara, binalara və texniki avadanlıqlara təhlükə yaradır. Təbiət hadisəsinin qarşısını heç nə ilə almaq mümkün deyil. Sadəcə, onun fəsadlarının qarşısını qismən almaq olar. Bu isə müəyyən qurğu vasitəsi ilə mümkündür.
Bu sözləri Axar.az-a təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.
Onun sözlərinə görə, adətən iri şəhər və paytaxtlarda ildırım ötürücüləri və qəbulediciləri quraşdırılır. Paytaxtda da belə qurğulardan çoxdur və əhalinin təhlükəsizliyi bu baxımdan nəzərə alınıb:
“İldırım ötürücüləri və ildırım qəbulediciləri gəmilərdə olduğu kimi, strateji obyektlərdə, çoxmərtəbəli yaşayış binalarında, demək olar ki, bütün iş yerlərində quraşdırılıb. Bakı şəhərində də yetərli saydadır. İldırım çubuğu və ya ildırım keçiricisi, ildırımdan qorumaq üçün binalara quraşdırılmış bir metal çubuqdur. Uzunluğu 70-80 sm olar. Bu cür qurğuları paytaxtın müxtəlif yerlərində görmək olar. Bu da ildırımın düşməsi, yaxud fəsadları ilə bağlı narahatlıqları, təhlükəni qismən azaldır”.
Qeyd edək ki, 31 mayda Azərbaycanda 4 nəfəri ildırım vurub, onlardan 3-ü ölüb.