Futbolumuzla bağlı mühüm təklif: Fernandu Santuşla vidalaşaqmı?

15:56 22 Noyabr 2024

Azərbaycan milli komandasının son məğlubiyyəti yenidən beynəlxalq arenada uğur qazana bilməməsi müzakirələri alovlandırdı. Ardıcıl məğlubiyyətlər və nəticəsiz oyunlar azarkeşləri narahat etməyə başlayıb. İsveçrədəki son oyun isə bu vəziyyətin səbəblərinə daha dərindən baxmaq üçün yeni bir stimul oldu.

Məsələ ilə bağlı peşəkar futbol eksperti, pressport.az saytının rəhbəri Mehman Süleymanov Sitat.info-ya danışıb.

O bildirib ki, milli komandamıza ən yaxşı baş məşqçini gətirsək də, problem həll olmayacaq: "20 il əvvəl Azərbaycana baş məşqçi olaraq Karlos Alberto Torres gəlmişdi. Sonrakı illərdə gələn xarici baş məşqçilər uğursuz olsalar da, onların arasında nisbətən yaxşı olaraq xorvatiyalı Robert Prosineçkinin adını çəkə bilərik və mənə görə ən baxımlı milli onun dövründə olub. Təsadüfi deyil ki, milli komandamızın tarixində ən çox 10 xalı onunla toplamışıq. Lakin, onun AFFA ilə fikir ayrılığı səbəbindən yollarımız ayrıldı. Bir şablon ifadə var ki, Azərbaycana istər Mourinyo, istər Qvardiolanı gətir, ciddi bir nəticə olmayacaq. Məncə, bu böyük həqiqətdir. Çünki, onlara güclü komandalar lazımdır ki, düzgün taktika qurub, komandanı daha da inkişaf etdirsinlər. Məşqçi güclü komandanın qarşısında qol vurası, qapıda durası deyil. Bizdə də, səhv siyasət komandanın başına əcnəbi məşqçi gətirməkdir".

M. Süleymanovun sözlərinə görə, Fernandu Santuşla yollar ayrılmalıdır: "Əlbəttə ki, D liqasına düşmək böyük uğursuzluqdur. Belə məqamda uzunmüddətli müqavilə olsa belə baş məşqçi ilə bağlı məsələyə baxılmalıdır. Dekabrda AFFA İcra Komitəsinin iclası olacaq. Düşünürəm ki, əgər təzminatda yola gələ bilsələr, Santuşu indidən yola salsınlar. Hər halda, bu uğursuzluqdan sonra radikal addımlar atılmalıdır. Santuşun bu biabırçı məğlubiyyətdən sonra istefasını gözləyirdik, lakin, o belə addım atmadı. Çünki, bu halda təzminat almayacaqdı.Fernando Santuş adına görə gətirildi. Bəli, Ronaldonun baş məşqçisi olub. Lakin, son dövrlərdəki karyerasına baxsaq, Polşa yığmasından, "Beşiktaşdan" tez qovulmuşdu. 
Onu gətirməkdə məqsəd 4 il sonra, 2028-ci ilin "Avropa Çempionatı" üçün komandanı formalaşdırmaq idi. Onun əvəzinə, Arif Əsədova UEFA Millətlər Liqasında özünü göstərməsi üçün şans verilməli idi. Santuş gəldikdən sonra da, Arif Əsədov çıxarıldı. Düşünürəm ki, o mətbəxə bələd olan məşqçi olaraq qalmalı idi ki, çətin anda vəziyyətə əl atsın. Təsəvvür edin ki, yeni gətirilən heyətin hamısı portuqaliyalıdır və onlar qısa müddət ərzində komandanı tam tanıya bilməzlər. Qısacası, azərbaycanlı məşqçiyə ehtiyac var."


M.Süleymanov bildirdi ki, problemi kökündən həll etmək lazımdır. Bunun üçün də uşaq futboluna savadlı mütəxəssis gətirilməlidir: "Hələ Qəbələdəki matçdan sonra, Santuş bizi şirin nağıllara inandırdı ki, bu komandanın potensialı olduğunu görəcəksiniz. Elə 3 gün sonra İsveçrə ilə qarşılaşmada bunun xülya olduğunu anladıq.  Belə problem var ki, arxadan gələnlər- U21, U19, U17 də zəifdir. 4 ilə səndən Ronaldo, Messi çıxmayacaq. Bu sadəcə vaxt və maddi itkiyə səbəb olacaq. Bu halda aşağı yaş qruplarına, uşaq futboluna savadlı mütəxəssisin gətirilməsi daha doğru olar."


Türkanə Muradlı,
Sitat.info



Xəbər xətti