Qeyri-neft ixracının "əmmaları": İri şirkətlər, məhdud bazarlar...

10:36 1 Fevral 2022

"2021-ci il üzrə qeyri-neft ixracına dair rəsmi məlumatlar açıqlanıb.  İxracın bu seqmenti üzrə kəskin artım qeydə alınıb - təxminən 45% və ya 870 mln. dollar. 

Qeyri-neft ixracının ümumi həcmi 2.72 mlrd. dollara çatıb. Bu rəqəm ötən il 1,85 mlrd. dollar idi.   Bütün "əmmalara" baxmayaraq pozitiv faktdır. Amma "əmmaları" da deməyə ehtiyac var".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, ixracın coğrafi diversifikasiyası həddən artıq məhduddur: "Qeyri-neft ixracımızın təxminən 75 faizi 5 ölkənin payına düşüb. Rusiya və Türkiyənin birlikdə payı 60 faizdən bir qədər azdır. Tək Rusiyadan asılılığımız 33 faizə yaxındır. Müqayisə üçün deyim ki, son 5 ildə ixracını 2 dəfə artırmış Gürcüstanda 1 bazardan asılılıq səviyyəsi 15%-dən aşağıdır.

Yeri gəlmişkən, Gürcüstan Çin və AB kimi nəhəng potensialı olan və dayanıqlı bazarlar hesabına ixracının 25%-ni (təxminən 1 mlrd. USD) təmin edir artıq. Bizdə bu göstərici çox kiçikdir və mütləq məbləğ etibarı ilə Gürcüstandan 4-5 dəfə azdır".

R.Ağaye vurğulayıb ki, vacib məqamlardan biri ixrac gəlirlərinin əsas hissəsinin az sayda subyektlərin əlində təmərküzləşməsidir: "2021-ci ildə ən böyük ixraca malik 20 şirkət və sahibkar bütün ixracın 63 faizini təmin edib. 10 iri dövlət sektorunun payı çox yüksək olub - 41% (2020-də 30%).

2021-ci ildə qeyri-neft ixracının 870 mln. dollarlıq artımının 88%-i bu 20 iri subyekt hesabına təmin edilib. Onlardan kənar ixracatçıların ixracında cəmi 100 mln. dollarlıq artım olub. İxracın az sayda subyekt arasında belə yüksək təmərküzləşməsinin neqativ nəticəsi odur ki, milli gəlirdəki artımın inklüziv inkişafa təsirini azaldır".

İqtisadçının fikrincə, Azərbaycan kimi daxili tələbi məhdud iqtisadiyyatlarda xüsusilə istehsal sektorunda çalışan məşğul əhalinin rifahının yüksəldilməsində əsas mənbə ixrac gəlirlərinin mümkün qədər balanslı paylanmasıdır: "Bu isə yalnız ixrac diversifikasiyasının effektiv təmin edildiyi şəraitdə baş verir. Qeyri-neft sektorunun neftdən asılı olması başqa bir problemdir. İxracın 26%-i neft mənşəli kimya məhsulları olub. Bu məhsulların dünya bazar qiymətləri əsasən neftə bağlı olur və birjalardakı qiymətlərin volatilliyi qeyri-neft ixracının dinamikasını da öz təsiri altında saxlayır. Elə rəqəmlərə də baxanda bir çox məshullar üzrə ixrac artımında qiymət artımının əhəmiyyətli rol oynadığı görünür.

Məsələn, orta ixrac qiymətinin artımı polipropilen üzrə 70%, karbamid üzrə 145%, polietilien üzrə 100%, polimerlər üzrə 111% təşkil edib.

Qeyri-neft ixracının qiymət volatilliyindən asılı olmasının neqativ tərəfi odur ki, neft ixracatındakı kəskin enib-düşmələri bu seqmentdə də görə bilərik. İxracın dayanıqlı artımı aparıcı sahələrin istehsal potensialının və əəmək məhsuldarlığının davamlı böyüməsinə bağlı olmalıdır".

SİTAT.İNFO



Xəbər xətti