Paytaxtda yaşayan su böhranı hələ su xətti çəkilməyən Bakıətrafı kəndlərdə də problem yaradıb. Belə ki, içməli suyu maşınlarla alan vətəndaşlar bir neçə gündür çətinlik çəkirlər.
Su satışı ilə məşğul olan şəxslər bunun səbəbini Sitat.info-ya açıqlayıblar.
Onların sözlərinə görə, paytaxtın mərkəzində yaşanan su problemi dövlət müəssisələrinin də işini çətinə saldığından, indi onların su götürdüyü mənbədə həmin qurumların maşınları düzülüb:
"Suraxanıda sudoldurma məntəqəsində növbələr yaranıb. Acınacaqlı vəziyyətdir. Bu gün saat 12-dən maşınlarımıza su doldurmaq üçün növbə gözləyirik. Hələ də bir maşın su götürə bilməmişik"
Binə qəsəbəsində su xətti çəkilməmiş ərazilərə maşınla su satan şəxs isə deyir ki, bu gün gələn sifarişlərin heç birinə gedə bilməyiblər:
"Azərsu"nun, SOCAR-ın maşınları dayanmadan su daşıyırlar. Ən çox həbsxanaların maşınları su daşıyır. Əsasən dövlət müəssisələri üçün aparırlar. Ona görə də qəsəbələrə su çatdırmaq olmur. Əvvəllər bazadan gündə 3-4 dəfə su götürdüksə, səhər açılandan bir dəfə də olsun yaxın düşə bilməmişik. Deyilənə görə, haradasa böyük qəza olub, "Azərsu" onu təmir etməkdə çətinlik çəkir.
Nəticədə biz də Binə qəsəbəsinin sakinlərini su ilə təmin edə bilmirik. Bildiyiniz kimi, qəsəbənin yarısından çoxu dövlət tərəfidən içməli su ilə təmin olunmayıb, su xətləri yoxdur. Əhali çən tikib, ayda 2-3 dəfə su alırlar. Suyun tonunu 7 manata satırıq. Onlarla müştəri bu gün susuz qalıb, acınacaqlı vəziyyətdir".
Məğrur Salmanov,
Sitat.info