Emin Ağalarov: “Sea Breeze” ərazisində 5 mln. kvadratmetrdən çox tikinti aparılır” 

Emin Ağalarov: “Sea Breeze” ərazisində 5 mln. kvadratmetrdən çox tikinti aparılır” 
Gündəm 26 Sentyabr 2026 12:38
“Sea Breeze” layihəsinin ərazisində 5 milyon kvadratmetrdən çox tikinti aparılır

Sitat.info xəbər verir ki, bunu “Sea Breeze” layihəsinin təsisçisi və baş icraçı direktoru Emin Ağalarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

O bildirib ki, “Sea Breeze” layihəsi 18 kvadratkilometr ərazini əhatə edir və layihənin ilkin master-planı dəfələrlə yenilənib.

Ağalarovun sözlərinə görə, hazırda layihə çərçivəsində 5 milyon kvadratmetrdən çox tikinti həyata keçirilir.

“Biz şəhər rəsmiləri ilə birbaşa əlaqədəyik və tikintinin sürətləndirilməsi üçün çox operativ cavablar və təsdiqlər alırıq”, - o qeyd edib.

“Sea Breeze”in beynəlxalq investisiya xəritəsində Azərbaycanın layihələrindən biri kimi mövqeyinin gücləndiyini bildirən E. Ağalarov qeyd edib ki, layihənin yanaşması yalnız kvadratmetr satmaqdan ibarət deyil:

“Biz kvadratmetr deyil, həyat tərzi təqdim edirik”.

O, “Sea Breeze”dəki təcrübənin gələcəkdə digər regionlarda da tətbiq oluna biləcəyini bildirib.

Ağalarov qeyd edib ki, qarşıdakı 7-8 il ərzində layihənin nəzərdə tutulan inkişafının həyata keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, burada avtomobillər əvəzinə qolf-kartlardan istifadə olunan, yaşıl enerjiyə əsaslanan müasir şəhər mühiti yaradılması nəzərdə tutulur.

“Azərbaycan kimi ölkədə düzgün master-plan əsasında sıfırdan yeni şəhər qurmaq mümkündür”, - o əlavə edib.