Paşinyan Təhlükəsizlik Şurasını toplayır, o, nəyə hazırlaşır? – Tofiq Zülfüqarovun şərhi

15:31 27 Aprel 2022

 

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirmək niyyətindədir. Bu məlumatı “Hraparak” qəzeti yayıb. İclasın cümə günü baş tutacağı gözlənilir.Qeyd olunur ki, iclas Qarabağ separatçılarının “təhlükəsizlik şurası”nın iştirakı ilə keçiriləcək.

Qəzet yazır ki, Ermənistanın hökumət başçısı Qarabağla bağlı bu yaxınlarda verdiyi bəyanatları redaktə etmək, Xankəndidəki separatçıların rəhbərliyini sakitləşdirmək, onları Qarabağı Azərbaycana təslim etməyəcəyinə inandırmaq istəyir.

Bununla yanaşı, “Hraparak” onu da yazır ki, Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq planlarından əl çəkməyib və görüşün əslində başqa məqsədi var:  baş nazir öz məsuliyyətini Qarabağ separatçılarının rəhbərliyi də daxil olmaqla, qalanlarla “bölməyə” çalışacaq.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib ki, sülh sazişinin imzalanması ilə bağlı problemlər çoxdur. Çünki Ermənistan tərəfi Azərbaycanın 5 prinsipini əsas kimi qəbul edib:

Azərbaycanın israrlı mövqeyi artıq Aİ tərəfindən qəbul edilib - Tofiq  Zülfüqarov

“Ermənistan rəhbərliyi bildirmək istəyir ki, sülh sazişini müzakirə kimi qəbul edib, lakin sülhün hansı formada olacağına sonra baxacaqlar. Brüssel səfərindən sonra Paşinyan bir neçə ziddiyətli bəyanat verdi. Həmin bəyanatların məzmunu bundan ibarətdir: “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”. Rəsmi İrəvan bəzən elə fikirlər səsləndirir ki, guya 1991-ci ildən də ərazi bütövlüyümüzü tanıyırlar. Bir sözlə, ikibaşlı fikirlər bildirirlər. Sözügedən iclas da buna bir sübutdur. Onlar göstərmək istəyirlər ki, ərazi bütövlüyünüzü tanısalar da, Qarabağ mövzusundan əl çəkən deyillər. Ancaq Azərbaycan tərəfi statusla bağlı fikirlərini tam şəkildə açıqlayıb ki, ermənilərə ən yüksək status verməyə hazırıq, bu da Azərbaycan vətəndaşı statusudur. Onlar isə istəyirlər ki, vətəndaşlıq hüquqlarından əlavə hansısa mədəni, siyasi bəlkə iqtisadi və digər hüquqları müstəqil şəkildə əldə etsinlər”. 

“Azərbaycanın bütün bunlara cavabı nə olmalıdır?” sualına gəlincə, T.Zülfüqarov vurğulayıb ki, ermənilər qanunlarımızı qəbul etməlidirlər:

“Hesab edirəm ki, Milli Məclis səviyyəsində Azərbaycan Ermənistana müaricət etsin və söyləsin ki, onların parlamenti tarixi ədaləti bərpa etmək üçün Zəngəzur və Göyçə mahalını bizə qaytarmalıdır. Yəni Sovet İttifaqı rəhbərliyi bu əraziləri sizə veribsə, indi də biz əks gediş edib tarixi ədaləti bərpa etmək istəyirik. Burada pis nə var ki? Bu da danışıqların bir mövzusu olmalıdır. Ermənilər istədikləri mövzunu danışıq masasına qoysalar, biz də bu mövzunu gündəmə gətirməliyik”.

Ermənistan baş nazirinin ikili oynadığını söyləyən T.Zülfüqarov bildirib ki, Paşinyan Brüssel və Moskvada vasitəçilərə təxminən belə fikirlər səsləndirib: 

““İctimaiyyət məni məcbur edir ki, Qarabağ mövzusunu davam edim. Vətəndaşlarımız narahatdır ki, onların təhlükəsizliyi təmin olunmayacaq. Ona görə də Qarabağa qoşun göndərib ora maliyyə yardımı edirəm”. 

Paşinyanın danışıqları bu şəkildədir. Biz də bu fikirləri əsas götürüb narahat olduğumuzu bildirməliyik. 100 il bundan öncə ərazilərimizi işğal ediblər, kompensasiyamızı nə zaman ödəyəcəklər? Pullarımızı versinlər ki, vətəndaşlarımızın pozulmuş hüquqlarını bərpa edək”.

Politoloqun qənaətincə, Ermənistan hakimiyyəti ilə müxalifəti müxtəlif qütblərdən olsa da, əslində eyni nöqtəyə vurur:

“Belə bir misal var: “Erməni keşişlikdən çıxa bilər, amma ermənilikdən yox”. Ona görə də Paşinyanın atdığı addımlara təəccüblənməli deyilik. Onlar elə bilirlər ki, Fransa, Rusiya və digər ölkələr Ermənistanın təhülkəsizliyini təmin edəcək. Bu baxımdan köhnə siyasətlərini davam etdirirlər, ona görə də heç nə dəyişməyib. Dəyişən bir şey var: Azərbaycan əsgəri sərhəddə dayanıb və üstünlük tam şəkildə bizdədir. Geopolitik baxımdan Azərbaycan və Türkiyənin bölgədəki üstünlüyü hamıya bəllidir. Rusiyanın zəifləməsi göz qabağındadır. Biz də bu üstünlüklərdən praktiki olaraq istifadə etməliyik”. (Gundem.az)



Xəbər xətti