Bizdə qiymət artımı problemi olsa belə, kifayət qədər pulumuz var" - Əkrəm Həsənov

17:40 10 İyun 2022

BMT mövcud ərzaq böhranının 2023-cü ildə sürətlə qlobal ərzaq fəlakətinə çevrilə biləcəyini açıqladı. Azərbaycanın  müharibədən qalib çıxan aqrar ölkə kimi fəlakətdən yan keçmə şansı var. Ölkədə həm kənd təssərrüfatı, həm sənaye istehsalının qurulması üçün indidən hansı addımlar atılmalıdır? Xüsusilə iş adamlarının üzərinə nə düşür, dövlət onlara  hansı formada dəstək ola bilər? Sahibkarlara nə kimi biznes kreditlər, subsidiyalar və sair ayırmalıdır?

Sözügedən məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, ərzaq səlahiyyəti Rusiyanın Ukraynaya qarşı başlatdığı istilaçı müharibə nəticəsində yaranıb: "Bu təhlükə daha çox kasıb Afrika ölkələrində faciədir. Ölkəmiz üçün faciə gözlənilmir. Bizdə qiymət artımı problemi olsa belə, kifayət qədər pulumuz var. Bu proses böyük ehtimalla davam edəcək. Ərzaq təhlükəsizliyimizi təyin edib, kənd təssərrüfatı məhsullarını və digər məhsulları istehsal istehsal etsək daha yaxşı olar”.

Ə.Həsənovun sözlərinə görə, harada güzəşt olub, amma şəffaflıq yoxdursa, orada korrupsiya ola bilər: “Subsidiyalar  ayrılsa da, şəffaflıq yoxdur. Dövlət nəyisə güzəştlə verirsə,  ipoteka, kənd təssərrüfatı, sahibkarlara verilən kreditlər, jurnalistlərə verilən evlər və sair, bu  məsələ şəffaf olmalıdır. Kimlərin müraciət edib nə istədiyi, sonda hansı qərarın nəyə əsasən verildiyi açıqlanmalıdır. Amma bu yoxdur. Ona görə, bütün sahələrdə korrupsiya var. Bu müzakirə predmeti deyil. Ola bilər ki, bəzən korrupsiya olsun, bəzən olmasın. Amma şübhələr qalır, məsələyə şəffaf yanaşılmalıdır, kimdən nəyi gizlədirlər?"

Əkrəm Həsənov qeyd etdi ki, iqtisadi inkişaf üçün, o cümlədən kənd təsərrüfatı və ərzaq sənayesi sahəsində birinci məsələ investisiya mühiti, qanunçuluqdur, mülkiyyətin qorunması, bağlanılan müqavilələrə riayət olunması və sağlam rəqabətdir: "Bu məsələləri ədalətli və müstəqil məhkəmə təmin etməlidir. Həmçinin sahibkarlıq üçün də lazımdır. Kənd təssərrüfatı vacibdir, bu sahə üzrə pul yatıran və yaxud vəsait xərcləmək istəyənlər qorxurlar. Pul yatıranda da onların izafi xərcləri çox olur, nəticədə bu sahələri effektsiz edir. Ona görə, ilk növbədə əsas məsələlər təmin olunmalıdır ki, hamı normal fəaliyyət göstərsin. Xalqımız kifayət qədər işgüzar, pul qazanmaq istəyən, qazanmağı bacaran xalqdır”.

İqtisadçı ekspert mentalitetimizin mənfi cəhətlərini də vurğuladı: "Azərbaycanda insanlar şərikli mal və biznesin olmasını pis qarşılayırlar. Biz daha çox xırda, fərdi bizneslə məşğul olmağı xoşlayırıq. Digər bir məsələ odur ki, haqlarımızı tələb etməkdə birləşə bilmirik. Amma hər kəs pul qazanmaq üçün çox çalışır, bəhrəsindən də əksər hallarda özü yox, qohumları və  ailəsi faydalanır. Bu hal daha çox dövlət məmurlarına aiddir. Əksəriyyəti rüşvətxordur, ancaq pulu çətinliklə, qorxa-qorxa, "xəstəlik taparaq" qazanmaqları da bir işguzarlıqdır. Ölkədə olan qeyri-şəffaflıq sistemi, məmur biznesinin olmağına gətirir. Digər sahələrdə  insanlar yaxşı qazanc olan yerdə çalışmağı bacarırlar. Amma iş adamları vergini rəsmi ödəsə, həm dövlətə, həm də özlərinə də xeyri olar, sonda sağlam rəqabət yaranıb, keyfiyyətin artmağı ilə nəticələnər”.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti