Danimarka kraliçası xəstəxanaya yerləşdirildi

20:30 14 May 2026

Danimarkanın taxtdan imtina etmiş kraliçası II Marqret xəstəxanaya yerləşdirilib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı Kral sarayı yayıb.

Məlumata görə, 86 yaşlı kraliça günorta saatlarında stenokardiya (döş qəfəsi ağrısı) səbəbindən Milli Kral Xəstəxanasına çatdırılıb. Bildirilib ki, II Marqret özünü yorğun hiss etsə də, əhval-ruhiyyəsi yaxşıdır. Onun müşahidə və müayinə məqsədilə həftəsonunu xəstəxanada keçirəcəyi dəqiqləşib.

Xatırladaq ki, II Marqret 2024-cü il yanvarın 14-də sənəd imzalayaraq könüllü şəkildə taxtdan imtina edib və Danimarkanın yeni kralı onun oğlu X Frederik olub. 52 il hakimiyyətdə qalan Marqret krallıq tarixində ən uzun müddət taxtda oturan monarx hesab olunur. Hazırda o, “Zati-aliləri” titulunu qoruyub saxlayır və kralın ikinci müavini – reqent vəzifəsini tutur.

Məlumat üçün bildirək ki, Danimarkada 1660-cı ildən bəri taxt irsi olaraq ötürülür. X Frederikdən sonra monarx taxtına onun oğlu, vəliəhd şahzadə Kristian (XI Kristian) əyləşəcək.

Qeyd edək ki, stenokardiya ürək əzələsinin qan təchizatının çatışmazlığı nəticəsində yaranan klinik sindromdur və ürəyin işemik xəstəliyinin əlaməti hesab olunur.



Xəbər xətti