"Nəsiminin heç kimi öldürmək niyyəti olmayıb" - Ermənistan İK sədri

\"Nəsiminin heç kimi öldürmək niyyəti olmayıb\" - Ermənistan İK sədri
Gündəm 03 Noyabr 2026 18:40

"Nəsimi Musayevin heç kimi öldürmək niyyəti yox idi".

Sitat.info Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan noyabrın 3-də Milli Assambleyada jurnalistlərlə söhbətində bildirib.

"O, dindirilib və ifadə verib, amma mən həmin dindirmənin məzmununu açıqlaya bilmərəm. Bu məsələ ilə bağlı Milli Assambleyada sabah yox, ertəsi gün qapalı iclas keçiriləcək. Hazırda ilkin istintaqın məxfiliyini qorumaq üçün onun ifadəsinin məzmununu açıqlaya bilmərəm. Amma o, hadisənin yerini, şəraitini - hər şeyi göstərib.

Faktları qiymətləndirməliyik: bir nəfər azıb gəzir, ev görür, pəncərəni sındırır, acdır, içəri girir, yemək bişirir və paltarlarını dəyişir. Uşaqlar içəri girir, o, telefonlarını götürür, onları saatlarla orada saxlayır və onlara zərər vermir", - deyə Poqosyan bildirib.

Eyni zamanda, İstintaq Komitəsinin rəhbəri Nəsimiyə qarşı irəli sürülən ittihamları sadalayıb, ona bir sıra maddələrlə ittiham irəli sürüldüyünü qeyd edib.