Qusarda Diananı öldürən kənd mollası imiş - TƏFƏRRÜATLAR
Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb.
Sitat.info xitab24.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxə hökm oxunub.
Cinayət Məcəlləsinin 120.2.4 və 177.1-ci maddələri ilə təqsirləndirilən A.Təyibov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Asif keçmiş arvadı ilə barışıb yenidən bir yerdə yaşamaq üçün aralarındakı məsələləri dəqiqləşdirmək məqsədilə görüşmək barədə razılığa gəliblər. Asif isə Diana ilə görüşə cinayət niyyətini həyata keçirmək üçün hazırlıqlı gedib.
O, fəhlə kimi işlədiyi kənd məktəbindən özü ilə qayçı, evindən yapışqan lent və ip götürüb. Asif düşüncəsi bu olub ki, Diana onunla barışmasa, qadını öldürsün.
Kənddə yerləşən fərdi evlərin birincə görüşən tərəflər arasında mübahisə yaşanıb. Bu zaman Asif Dianını yumruq zərbəsi ilə yerə sərib. Ardınca qadının əl-qolunu, ağzını və gözünü bağlayan keçmiş ər, qayçı ilə onun boğazına bir neçə zərbə endirib. Diana Təyibova hadisə nəticəsində həyatını itirib. Bundan sonra Asif, cinayət izlərini itirmək məqsədilə qadının çantasına baxış keçirib, ona məxsus pulları və qızıl-zinyət əşyalarını, mobil telefonu mənimsəyib.
Asif daha sonra həmin qiymətli əşyaları işlədiyi məktəbin ayaqyoluna atıb. Həmin gün Dianadan xəbər çıxmadığı üçün ailə üzvləri onun itkin düşməsi ilə bağlı polisə xəbər verib. Polisin ilk işi isə Asifi dindirmək olub. O, dindirilən zaman əməlini etiraf edib.
Qeyd edək ki, cütlüyün rəsmi münasibətindən üç övladı dünyaya gəlib. Asif Təyibov eyni zamanda, kənddə uzun illərdir qeyri-rəsmi formada molla kimi fəaliyyət göstərib.