Bülletendə ola-ola işdən çıxarıldı - Şabran GEM rəhbərliyi yenidən məhkəmə qarşısında

20:18 17 May 2026

Sumqayıt Apellyasiya Məhkəməsində diqqət çəkən əmək mübahisəsinə baxılacaq.
 

Musavat.com xəbər verir ki, Şabran sakini Vüsalə Balayevanın Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə qarşı qaldırdığı iddia üzrə apellyasiya şikayəti icraata qəbul edilib. İddiaçı Vüsalə Balayeva Şabran Rayon Məhkəməsinin hakimi Könül Mirzəfərovanın çıxardığı qətnaməni qanunsuz və əsassız hesab edir. O, qətnamədən apellyasiya şikayəti verərək işin yenidən araşdırılmasını tələb edib.

Mübahisənin mərkəzində isə Vüsalə Balayevanın xəstəliyi ilə əlaqədar bülletendə olduğu zaman işdən çıxarılması dayanır. İddiaçı deyir ki, Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəis əvəzi Asif Nəsibov tərəfindən heç bir xəbərdarlıq edilmədən, intizam tənbehi tətbiq olunmadan birbaşa işdən azad edilib. Hakim Könül Müzəffərova bu subut ortada ola-ola onun haqqını bərpa etməyib, qanunsuz və əsassız qətnamə çıxarıb. 13 il dezinfeksiya-sanitar xidmətində çalışdığını deyən Vüsalə Balayeva xəstə olduğu dövrdə, rəsmi bülleten əsasında əmək qabiliyyətini müvəqqəti itirdiyi halda işdən çıxarılmasına apellyasiya instansiyasında ədalətli yanaşılacağına ümidli oduğunu gizlətmir:

“Xəstə olduğumu yazdım, bülletenə çıxacağımı bildirdim. Asif müəllim izahatı qəbul etdi. Amma bülletenlə evdə olduğum gün məni işdən çıxarıb. Həkimə də irad bildirib ki, niyə mənə bülleten açıb. Daha sonra rəhbərlik sistemdən bülleten məlumatlarımı silib”.

İddiaçı qeyd edir ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib. Onun fikrincə, bu addım gələcəkdə başqa iş tapmasına mane olmaq məqsədi daşıyır. Şabran məhkəməsində keçirilən prosesdə diqqət çəkən məqamlardan biri də cavabdeh tərəfin təqdim edə bilmədiyi sənədlərlə bağlı olub. Belə ki, Asif Nəsibov məhkəmədə bildirib ki, Balayevanın məsələsi həmkarların iclasında müzakirə olunub və qərar qəbul edilib. Lakin hakim Könül Mirzəfərova həmin iclasın rəsmi protokolunun təqdim edilməsini tələb etsə də, cavabdeh tərəf belə bir sənəd təqdim edə bilməyib. Bundan başqa, məhkəmə tabel sənədlərindəki imzaların surətlərinin də təqdim olunmasını istəyib. Vüsalə Balayeva daha bir ciddi iddia da səsləndirib. O bildirib ki, işdən çıxarılmazdan əvvəl rəis əvəzi tərəfindən ondan maaş kartının təqdim edilməsi tələb olunub. Bu tələbi qanunsuz hesab etdiyi üçün imtina etdiyini deyən iddiaçı, bundan sonra təzyiqlərlə üzləşdiyini bildirib. Apellyasiya baxışı 17 iyun 2026-cı il tarixdə, saat 11:15-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi ilə keçiriləcək



Xəbər xətti