“Əvvəla qeyd edim ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycan paytaxtında keçirilməsi çox mühüm beynəlxalq hadisədir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, iqlim dəyişiklikləri forumun keçirildiyi günlərdə də özünü göstərdi. Yağıntının həcmi beş dəfədən çox artdı və mütəxəssislər vurğuladılar ki, analoji vəziyyət sonuncu dəfə 1963-cü ildə baş verib. Həmin vaxtdan indiyədək Bakı və Azərbaycanın digər bölgələrində bu qədər yağıntı qeydə alınmayıb”.
Bu fikirləri deputat Elman Nəsirov Sitat.info-ya açıqlamasında deyib.
Deputat bildirib ki, bəzi sosial şəbəkə istifadəçiləri və xaricdə özünü bloqer kimi təqdim edən şəxslər bu mühüm tədbiri gözdən salmağa çalışırlar:
“WUF13-ə qarşı qarayaxma kampaniyası aparılır, tədbirlə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. Xüsusilə hava şəraiti üzərindən manipulyasiya edilir. Guya Azərbaycan tərəfi hazırlıqsız olub və təşkilati məsələlərdə problemlər yaşanıb. Halbuki bu ittihamları səsləndirən şəxslər Azərbaycan dövləti və xalqı üçün heç bir faydalı iş görməyiblər. Onların fəaliyyəti yalnız yalan və iftiradan ibarətdir”.
Elman Nəsirov qeyd edib ki, Azərbaycan daha əvvəl də beynəlxalq tədbirlər zamanı oxşar qarayaxma kampaniyaları ilə üzləşib:
“Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və COP29 zamanı da eyni halları müşahidə etmişik. İndi isə yenidən mühüm beynəlxalq tədbirə ev sahibliyi etdiyimiz vaxt bu cür cəhdlərlə qarşılaşırıq. Bu, nankorluq və xəyanətdir. Azərbaycan qanı daşıyan heç bir insan belə antimilli davranış sərgiləyə bilməz. Biz isə öz yolumuzla irəliləyir, Azərbaycanın maraqlarını ən yüksək səviyyədə müdafiə və təmsil edirik”.
Nigar.
Sitat.info