Magistratura cavabları bu tarixdə elan olunacaq - DİM AÇIQLADI

17:05 18 May 2026

17 mayda keçirilən magistratura imtahanından sonra yaranan narazılıqlar səbəbindən DİM Bakı, Abşeron və Sumqayıtda təkrar imtahan keçirmək qərarı verib. İyunun 14-nə təyin olunan həmin imtahanın könüllü olacağı açıqlanıb.

Sitat.info xəbər verir ki, modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 17 may tarixində keçirilən imtahanın nəticələri iki mərhələdə elan olunacaq.

“Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq”.

Qeyd edək ki, bu məsələ xüsusilə ikinci şans imtahanında iştirak edib-etməməklə bağlı qərar verməyə çalışan bakalavrlar üçün vacib hesab olunur. Çünki iyunun 14-də keçiriləcək təkrar imtahanda iştirak etmək istəyən şəxslər əvvəlcə may imtahanındakı nəticələrini bilmək istəyirlər.

DİM daha əvvəl açıqlamışdı ki, əlverişsiz hava şəraiti və nəqliyyat sıxlığı səbəbindən 17 may imtahanına qatıla bilməyən şəxslər üçün Bakı, Abşeron və Sumqayıtda magistratura imtahanının ikinci cəhdi yenidən keçiriləcək.



Xəbər xətti