ABŞ-İran münasibətlərində yeni mərhələ: 40 illik sanksiya divarını aşmaq mümkün olacaqmı?

16:30 26 İyun 2026

 Beynəlxalq mediada yer alan məlumatlara görə, ABŞ ilə İran arasında uzun müddətdir dondurulmuş münasibətlərdə cüzi yumşalma əlamətləri müşahidə olunur. Lakin ekspertlər hesab edirlər ki, sanksiyalar sisteminin mürəkkəbliyi, eləcə də hüquqi və siyasi maneələr səbəbindən yaxın perspektivdə münasibətlərin tam normallaşması real görünmür.

Son dövrlərdə Vaşinqton və Tehran arasında əldə olunduğu bildirilən müvəqqəti razılaşma İrana tətbiq edilən bəzi iqtisadi sanksiyaların qısa müddətə yumşaldılmasını nəzərdə tutur. Bununla belə, mütəxəssislər bildirirlər ki, bu addım onilliklər ərzində formalaşmış sanksiyalar sisteminin aradan qaldırılması demək deyil. Əksinə, mövcud mexanizmin nə qədər mürəkkəb və həssas olduğunu bir daha ortaya qoyur.

ABŞ administrasiyası İranın neft və neft-kimya məhsullarının ixracına müəyyən həcmdə icazə verməyi planlaşdırsa da, bunun hərtərəfli normallaşma anlamına gəlmədiyini xüsusi vurğulayır. Bu güzəştlərin İran iqtisadiyyatına qısa müddətdə milyardlarla dollar əlavə gəlir qazandıra biləcəyi, lakin uzunmüddətli sanksiyalar sisteminin ləğvinin daha çətin olduğu bildirilir.

40 illik sanksiyalar sistemi

İrana qarşı ABŞ sanksiyalarının əsası 1979-cu il İran İslam İnqilabından sonra qoyulub. Sonrakı illərdə İranın nüvə proqramı, regional siyasəti və silahlı qruplarla əlaqələri əsas gətirilərək ABŞ, Avropa İttifaqı və BMT tərəfindən çoxpilləli sanksiyalar sistemi yaradılıb.

Hazırda bu sistem təkcə prezident qərarları ilə deyil, ABŞ Konqresinin qəbul etdiyi qanunlarla da möhkəmləndirilib. Bu isə sanksiyaların ləğvini sadəcə inzibati qərar deyil, həm də ciddi hüquqi və siyasi prosesə çevirir. Ekspertlər bildirirlər ki, sanksiyalar artıq maliyyə, enerji, bankçılıq, sığorta və dəniz daşımaları da daxil olmaqla çoxsaylı sahələri əhatə edən geniş mexanizmə çevrilib.

Hüquqi və siyasi maneələr

ABŞ-ın keçmiş rəsmiləri və ekspertlər hesab edirlər ki, mövcud məhdudiyyətlərin qısa müddətdə aradan qaldırılması mümkün deyil. Çünki onların mühüm hissəsi prezident sərəncamları ilə deyil, Konqres qanunları ilə qüvvəyə minib.

Bu səbəbdən ABŞ prezidenti bəzi sanksiyaları yumşalda bilsə də, xüsusilə İranla əlaqəli hesab olunan təşkilatlara tətbiq edilən məhdudiyyətlərin ləğvi üçün Konqresin razılığı tələb olunur. Vaşinqtondakı mövcud siyasi şəraitdə bunun ciddi müqavimətlə üzləşəcəyi gözlənilir.

Bundan başqa, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) minlərlə fiziki və hüquqi şəxsi sanksiyalar siyahısından çıxarmasının belə ən azı bir il çəkə biləcəyi bildirilir.

Ekspertlər vurğulayırlar ki, sanksiyalar təkcə dövlətlərarası münasibətlərə deyil, özəl sektora da ciddi təsir göstərir. Beynəlxalq banklar, sığorta şirkətləri və enerji nəhəngləri İran bazarına qayıtmağa tələsmirlər.

Bunun səbəbi yalnız hüquqi risklər deyil, həm də nüfuz itkisi və əvvəllər tətbiq edilmiş yüksək məbləğli cərimələrdir. ABŞ-da qüvvədə olan "Terrorizmin Sponsorlarına Qarşı Ədalət Aktı" (JASTA) kimi qanunlar şirkətlərin İranla dolayı əlaqələrinə görə belə məhkəmə iddiaları ilə üzləşməsi riskini artırır. Buna görə də biznes dairələri "gözlə və gör" siyasətini davam etdirirlər.

Qısamüddətli iqtisadi nəfəslik

Müvəqqəti güzəştlər İran iqtisadiyyatı üçün mühüm rahatlıq yarada bilər. Xüsusilə neft və neft məhsullarının ixracının artması ölkəyə qısa müddətdə milyardlarla dollar gəlir gətirə bilər.

İqtisadçılar hesab edirlər ki, sanksiyalar tamamilə aradan qaldırılsa, İran dünya enerji bazarına daha geniş şəkildə inteqrasiya olunar və gəlirləri əhəmiyyətli dərəcədə artar. Lakin hazırkı şəraitdə bu ssenari yaxın görünmür. Uzun illərdir davam edən sanksiyalar səbəbindən İranın maliyyə sistemi beynəlxalq bazarlardan böyük ölçüdə təcrid olunub, xarici investisiyalar aşağı səviyyədədir və neft ixracı məhdud sayda alıcıdan asılı vəziyyətdə qalır.

Geosiyasi hesablar...

Analitiklərin fikrincə, sanksiyaların yumşaldılması yalnız ABŞ-İran münasibətlərinə deyil, həm də Avropa İttifaqı, Rusiya və Çinin siyasətinə təsir göstərəcək. Xüsusilə Avropa ölkələri İranın nüvə proqramı ilə bağlı narahatlıqlar səbəbindən sanksiyaların tam ləğvinə ehtiyatla yanaşırlar.

Bu səbəbdən ortaq beynəlxalq mövqenin formalaşdırılması çətin görünür. Mütəxəssislər hesab edirlər ki, hazırkı proses təkcə iqtisadi deyil, həm də qlobal geosiyasi qüvvələr balansının yenidən formalaşması uğrunda mübarizənin tərkib hissəsidir.

Müvəqqəti razılaşma Vaşinqton və Tehran arasında dialoqun tam bərpası deyil, gərginliyin idarə olunmasına yönəlmiş məhdud addım kimi qiymətləndirilir. ABŞ administrasiyası İran iqtisadiyyatına müəyyən nəfəs verməyə hazır görünsə də, əsas sanksiya mexanizmlərini qüvvədə saxlayır.

Əsas maneə ondan ibarətdir ki, sanksiyaların böyük hissəsi Konqres qanunları ilə təsbit edilib və onların ləğvi yalnız Ağ Evin qərarı ilə mümkün deyil. Digər tərəfdən, beynəlxalq şirkətlər hüquqi risklər səbəbindən sanksiyalar yumşaldılsa belə, İran bazarına dərhal qayıtmağa maraq göstərmirlər.

Nəticə etibarilə, yaxın dövrdə İran iqtisadiyyatı müəyyən maliyyə rahatlığı əldə edə bilər. Lakin ABŞ-la münasibətlərin tam normallaşması və sanksiyarın köklü şəkildə aradan qaldırılması üçün həm Vaşinqtonda siyasi razılıq, həm də beynəlxalq səviyyədə daha geniş konsensus tələb olunur. Buna görə də prosesin uzunmüddətli və mərhələli şəkildə davam edəcəyi ehtimal edilir.

Nigar,

Sitat.info



Xəbər xətti