Çinin neft idxalı kəskin azaldı: Pekin Hörmüz böhranından sonra strategiya dəyişdirdi

14:22 15 İyul 2026

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Yaxın Şərqdə yaranan gərginlik və Hörmüz boğazında neft daşımalarının pozulması Çinin xam neft idxalına ciddi təsir göstərib. Dünyanın ən böyük enerji idxalçılarından olan Çin yaranmış vəziyyətə cavab olaraq strateji neft ehtiyatlarını istifadəyə verib, neft məhsullarının ixracını məhdudlaşdırıb və emal zavodlarının istehsalını azaldıb.

Çin Gömrük Baş İdarəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında ölkənin xam neft idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% azalaraq 247,6 milyon tona düşüb. Keçən ilin ilk yarısında bu göstərici 279,5 milyon ton idi.

İdxal ilin ilk iki ayında artsa da, martdan etibarən sürətlə geriləyib. Martda azalma 2,8%, apreldə 20%, mayda 29%, iyunda isə 41,3% təşkil edib.

Ən böyük azalma İraq və Küveytdən idxalda qeydə alınıb. BƏƏ, Səudiyyə Ərəbistanı və İrandan alınan neft həcmi də əhəmiyyətli dərəcədə aşağı düşüb.

Daxili bazarda yanacaq qıtlığının qarşısını almaq üçün Pekin üç əsas addım atıb:

  • strateji və kommersiya neft ehtiyatlarını istifadəyə verib;

  • emal olunmuş neft məhsullarının ixracını məhdudlaşdıraraq daxili bazara yönəldib;

  • neft emalı zavodlarında istehsal gücünü mərhələli şəkildə azaldıb.

Beynəlxalq qiymətləndirmələrə görə, Çinin strateji və kommersiya neft ehtiyatları təxminən 190 milyon ton təşkil edir. May ayında ehtiyatlardan 2,1–2,7 milyon ton, iyunda isə təxminən 2 milyon ton neft istifadə olunub.

Neft emalı zavodlarında da istehsal azalıb. Fevralda 73% olan güc istifadə səviyyəsi iyunda 58%-ə enib. Mart-iyun aylarında emal həcminin təxminən 33 milyon ton azaldığı hesablanır. İyunda xam neft emalı ötən ilin eyni ayı ilə müqayisədə 19,1%, ilin ilk yarısında isə ümumilikdə 5% geriləyib.

Qeyd edək ki, Çinin idxalındakı azalma neftə tələbatın zəifləməsindən deyil, əsasən Hörmüz boğazında yaranan geosiyasi risklərdən və logistika problemlərindən qaynaqlanır. Pekinin strateji ehtiyatlardan istifadə etməsi göstərir ki, hökumət uzunmüddətli enerji təhlükəsizliyini prioritet hesab edir.

Rafineriyaların istehsalının azaldılması isə mövcud ehtiyatların daha uzun müddət kifayət etməsinə hesablanmış addımdır. Bu siyasət qısamüddətli dövrdə daxili bazarda yanacaq çatışmazlığının qarşısını ala bilər, lakin böhran uzanarsa Çin alternativ marşrutlar və yeni tədarükçülər axtarmağa məcbur olacaq.

Çin dünyanın ən böyük neft idxalçılarından biri olduğundan, ölkənin idxal həcminin azalması qlobal enerji bazarında tələbatın müvəqqəti zəifləməsinə səbəb ola bilər. Bununla yanaşı, Hörmüz boğazındakı qeyri-müəyyənlik davam edərsə, təklif riskləri yenidən neft qiymətlərinə yüksəliş təzyiqi göstərə bilər.

Nigar,

Sitat.info



Xəbər xətti