Azərbaycanda bank kreditlərinin yüksək faizlə təqdim olunması uzun illərdir həm vətəndaşların, həm də biznes subyektlərinin əsas narazılıq mövzularından biridir. Mərkəzi Bankın uçot dərəcəsində etdiyi dəyişikliklərə baxmayaraq, kommersiya banklarının kredit faizlərində ciddi enmə müşahidə olunmur. Xüsusilə istehlak və biznes kreditləri üzrə yüksək faizlər borclanmanın dəyərini artırır və iqtisadi aktivliyə təsir göstərir. Ekspertlər hesab edirlər ki, kredit bazarında faizlərin formalaşmasına təsir edən bir sıra iqtisadi və institusional amillər mövcuddur.
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bunun bir neçə əsas səbəbi var: "İlk növbədə banklar kredit verərkən risk amilini yüksək qiymətləndirirlər. Kreditlərin geri qaytarılmama ehtimalı, məhkəmə çəkişmələri və girovun reallaşdırılması ilə bağlı çətinliklər faizlərin yüksəlməsinə təsir göstərir. Banklar bu riskləri kompensasiya etmək üçün kreditləri daha yüksək faizlə təklif edirlər".
İqtisadçı digər səbəbi isə bank sektorunda rəqabətin məhdud olmasında görür. Onun sözlərinə görə, kredit bazarında iri banklar üstün mövqedə olduğu müddətcə faizlərin sürətlə aşağı düşməsi gözlənilən deyil: "Rəqabət artdıqda banklar müştəri cəlb etmək üçün daha aşağı faiz təklif etməyə çalışırlar. Əmanətlər üzrə ödənilən faizlər də kredit faizlərinə təsir edir. Banklar depozitlərə müəyyən gəlir ödədikləri üçün kreditləri də daha yüksək faizlə verməyə çalışırlar ki, həm xərclərini ödəsinlər, həm də mənfəət əldə etsinlər".
A.Nəsirli hesab edir ki, kredit faizlərinin artmasının bir səbəbi də inflyasiyadır: "İnflyasiya gözləntiləri də mühüm amillərdəndir. Qiymətlərin gələcəkdə artacağı ehtimalı yüksək olduqda banklar pulun dəyərinin azalmasını nəzərə alaraq kredit faizlərini artırırlar. Yüksək kredit faizləri iqtisadiyyata bir sıra mənfi təsirlər göstərir. Sahibkarlar ucuz maliyyə resursu tapa bilmədiklərinə görə yeni müəssisələrin yaradılması, istehsalın genişləndirilməsi və yeni texnologiyaların tətbiqi ləngiyir. Nəticədə investisiyalar azalır, məhsul istehsalını artırmaq çətinləşir və iqtisadi artım tempi zəifləyir".
İqtisadçı vurğulayıb ki, xüsusilə kiçik və orta sahibkarlar üçün vəziyyət daha ağır olur: "Yüksək faizlə götürülən kreditlərin geri ödənilməsi zamanı biznesin gəlirlərinin əhəmiyyətli hissəsi faiz ödənişlərinə yönəlir. Bu isə yeni iş yerlərinin açılmasını və müəssisələrin inkişafını məhdudlaşdırır.
Eyni zamanda vətəndaşlar da yüksək faizlərdən ciddi zərər görürlər. Mənzil, avtomobil və istehlak kreditləri bahalaşır, ailələrin aylıq ödəniş yükü artır. Gəlirin böyük hissəsi kredit ödənişlərinə sərf olunduğundan insanların digər mal və xidmətlərə xərcləri azalır ki, bu da daxili tələbin zəifləməsinə səbəb olur.
Yüksək faizlər həmçinin qeyri-rəsmi borclanmanı da stimullaşdıra bilər. Banklardan kredit ala bilməyən və ya yüksək faiz ödəmək istəməyən bəzi şəxslər daha riskli və qeyri-rəsmi maliyyə mənbələrinə üz tuturlar ki, bu da əlavə sosial və maliyyə problemləri yaradır.
Kredit faizlərinin mərhələli şəkildə aşağı salınması üçün bank sektorunda rəqabətin gücləndirilməsi, risklərin azaldılması, maliyyə bazarlarının inkişaf etdirilməsi, məhkəmə və girov mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin makroiqtisadi sabitliyin qorunması vacibdir. Daha əlverişli kredit şərtləri investisiyaların artmasına, biznesin inkişafına, yeni iş yerlərinin yaradılmasına və ümumilikdə ölkə iqtisadiyyatının daha sürətli inkişafına müsbət təsir göstərə bilər".
Tehran Yusifli,
Sitat.info