Qlobal böhran dərinləşir: "Uduzan tərəf idxalçılar olacaq"

19:24 14 İyul 2022

Hazırda dünya ərzaq böhranı ilə üz-üzədir. Pandemiyanın ardından Rusiya-Ukrayna müharibəsinin başlanması bu böhranın daha da dərinləşməsinə təkan verdi. Belə olan halda dünya ərzaq böhranı, xüsusilə də taxıl məsələsi necə həll olunacaq ?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən  iqtisad üzrə elmler doktoru, professor, Odlar Yurdu Universitetinin kafedra müdiri Elşad Məmmədov bildirdi ki, dünyada ərzaq böhranın dərinləşməsi bir sıra fundamental iqtisadi problemlərlə bağlıdır : "Qlobal bazarlar faktiki olaraq çökməkdədir və belə olan halda, sözsüz ki, resurs bazasına malik olan dövlətlər çox ciddi rəqabət üstünlükləri əldə etmiş olur. Hazırki proseslərdə əsas uduzan tərəflər, sözsüz ki, idxalçılar olacaq. Və biz artıq görürük ki, kənd təsərrüfatı məhsulları nöqteyi -nəzərdən geniş resurs bazaya malik olan dövlətlər faktiki olaraq öz şərtlərini diqtə etməkdədir. Eyni zamanda,Ukrayna ətrafında baş verən proseslər ərzaq böhranının dərinləşməsinə təkan vermiş olur".

İqtisadçı alimin sözlərinə görə, dünya taxıl bazarında hazırda müharibə aparan iki dövlətin payı hədsiz çoxdur: "Nəzərə almaq lazımdır ki,  taxıl bazarında Rusiya və Ukrayna müxtəlif hesablamalara görə ixracat və bazar payı nöqteyi nəzərdən 30-40 faizə yaxın paya malikdirlər. Bu da kritik dərəcədə çoxdur. Faktiki olaraq Ukraynanın Qara dənizə və Azov dənizinə çıxışı bloklanıb. Belə olan halda, bir tərəfdən sanksiya siyasəti, digər tərəfdən dəniz yolunun bağlanması böhranı dərinləşdirir. Taxılın ixracatı əsasən Ukraynadan dəniz vasitəsilə həyata keçirilirdi və orada da problemlər göz qabağındadır ".

Elşad Məmmədov vurğuladı ki, faktiki olaraq bu dərəcədə böyük bir bazar payının bazardan ya çəkilməsinin, ya da istiqamətinin dəyişməsinin şahidi oluruq: " Və bu da, sözsüz ki, taxıl bazarına, xüsusilə də buğda bazarına təsirsiz ötüşə bilməz. Eyni zamanda gübrə bazarında Rusiyanın kritik dərəcədə böyük paya malik olması və Rusiyaya qarşı sanksiyalara cavab olaraq Rusiyanın Avropa İttifaqı (Aİ) və ABŞ ilə bu istiqamətdə fəaliyyətinin, əməkdaşlığının kəskin şəkildə daraldılması çox ciddi məsələdir. Gübrənin  əsas satış bazarı  hesab olunan Avropa İttifaqı (Aİ) və ABŞ-da kifayət qədər böyük problemlər formalaşmaqdadır ".

Professor onu da qeyd etdi ki, gübrə istehsalı xeyli dərəcədə enerji sektoru ilə bağlıdır: " Enerji sektorunda da problemlər göz qabağındadır.   Avropa İttifaqı  və ABŞ tərəfindən hazırki siysət davam etdirilərsə enerji çatışmazlığı qaçılmaz görünür. Belə olan halda, sözsüz ki, enerji təminatında fasilələr ilk növbədə sənaye sektorunda olacaq. Bu da Avropanın real sektoruna və o cümlədən, ərzaq bazarının formalaşmasına xeyli dərəcədə təsir etməlidir. Son nəticədə hesab edirəm ki, bu proseslərin həlli kifayət qədər vaxt tələb edəcək və nəticədə resurs bazasına malik olmayan ölkələr çox böyük çətinliklərlə üzləşməli olacaqlar. Ona görə də bu məsələyə Azərbaycan prizmasından yanaşdıqda, düşünürəm ki, biz regional iqtisadi əməkdaşlığın dərinləşməsinə və istehsalın maksimum şəkildə ölkəmizdə lokallaşmasına nail olmalıyıq ".

Nərgiz,

SİTAT.İNFO  



Xəbər xətti