Rüşvət ittihamı ilə həbs edilən Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin cinayət işi üzrə bəzi məqamlar bəlli olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ittihama əsasən, İmran Ağayev koronaviruslu xəstələrin Hospitalın “VİP korpusu”na yerləşdirilməsi qarşılığında köməkçisi vasitəsilə qanunsuz şəkildə pul yığıb.
Baş həkimin köməkçisi ittiham üzrə özünü təqsirli bilərək törətdiyi əməlləri etiraf edib: “Hospitalda qeydiyyatçı vəzifəsində işləyirdim. Eyni zamanda İmran həkimin qeyri-rəsmi köməkçisi idim. İmran Ağayev “Medi Style” klinikasının direktoru olduğundan həmin klinikada baş həkimin müavini vəzifəsində işləyən Ə.B (şərti) ilə də qiyabi tanışlığım var idi. Ə.B bir neçə dəfə “Medi Style”a müraciət etmiş COVID-19 xəstələrinin bizim Hospitala yerləşdirilməsini xahiş edib. Aprelin 10-da Ə.B ərinin qohumları olan iki nəfərin xəstəxanaya yerləşdirilməsini xahiş etdi. Buna görə 4 min manat verməsini dedim. Xəstələr hospitala yerləşdirildikdən sonra palatada onlardan pulu aldım. Daha sonra İmran həkimin otağında özünə verdim”.
Polis rəisinin həbsdə olan atasının məhkəməsi başlayır
Onun sözlərinə görə, baş həkim bu işin qarşılığında ona 200 manat “şirinlik” verib. O, həmçinin etiraf edib ki, 2021-ci ilin martında hospitalda müalicə alan FHN-in əməkdaşını pul müqabilində 20-ci korpusdan “VİP korpus”a köçürüb. Bu iş üçün aldığı 500 manatı baş həkimə verib. İmran Ağayev həmin puldan ona 100 manat qaytarıb.
İstintaq araşdırması zamanı məlum olub ki, Ə.B və baş həkimin köməkçisi xəstələrin klinikaya yerləşdirilməsi və ödənişlə bağlı məsələləri vatsapda yazışaraq həll ediblər. Həmin mesajları təqdim edirik:
Ə.B: Müəllim, VİP razılaşdı. Ambulansı göndərirəm, 4 min manat ödəniş edəcəklər. Ər-arvaddırlar, yoldaşımın qohumlarıdır. 30 dəqiqəyə orada olacaqlar. Analiz verməyiblər, artıq orada gotürərlər də.
Bundan sonra Ə.B xəstələrin şəxsiyyət vəsiqəsinin şəkillərini ona göndərib.
Baş həkimin köməkçisi: Mən indi bunları 14-ə keçirim, 14 verim bunlara, ya 18? 14 bildiyiniz məhşur 14-dür. 18 isə yeni açılan VİP-dir. Yaxşı rentgen elətdirərik.