“Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyi regionlarda yaşayan qadınların elektron xidmətlərlə bağlı maarifləndirilməsini nəzərdə tutan son tədbirini Zərdab rayonunda təşkil edib.
“Regionda yaşayan qadınların elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılması” layihəsi çərçivəsində Zərdab Gənclər Mərkəzində keçirilən məlumatlandırma sessiyasına Zərdab rayonundan olan 35 nəfər qatılıb.
Tədbirdə çıxış edən “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.
S.Allahverdiyeva qeyd edib ki, layihənin məqsədi regionda yaşayan qadınları dövlət qurumlarının göstərdiyi elektron xidmətlərlə bağlı məlumatlandırmaqla onların xidmətlərə əlçatanlığını artırmaq və elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə dəstək verməkdir: “Layihə çərçivəsində bundan öncəki tədbirlərimiz Şirvan, Neftçala və Kürdəmir rayonunda keçirilib. Bu gün Zərdab rayonunda məlumatlandırma sessiyası keçiririk. Tədbir iştirakçılarının respublikamızda ayrı-ayrı dövlət qurumlarının “Elektron hökumət portalı” və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlərlə bağlı maarifləndirilməsi nəzərdə tutulur. Həmçinin ehtiyacı olan şəxslərə elektron xidmətlərdən istifadədə köməklik göstəriləcək”.
Daha sonra tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində olan Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Ləman Səfərəliyeva elektron xidmətlərlə bağlı maarifləndirmənin əhəmiyyətindən danışıb.
Daha sonra tədbirdə çıxış edən tədbirin məruzəçisi Xalid Kazımov tədbir iştirakçılarına respublikamızda ayrı-ayrı dövlət qurumları, yerli özünüidarəetmə orqanları, ictimai xidmətlər göstərən qurumlarının “Elektron hökumət portalı”, my.gov.az portalı və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə qaydaları ilə bağlı ətraflı məlumat verib.
Qadınlara nəzəri məlumat verməklə yanaşı, hər bir xidmətdən istifadə qaydaları da əyani şəkildə göstərilib. Bununla da qadınlar evdən çıxmadan, hər hansı quruma getmədən dövlət xidmətlərini elektron qaydada almağa təşviq edilib. Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
Sitat/info