Axar.az hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun Musavat.com-a müsahibəsini təqdim edir:
- Cənab polkovnik, həftənin ən mühüm hadisəsi olan Brüssel görüşünün nəticələri barədə sizin qənaətiniz, hərbçi olaraq baxışınız necədir?
- Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan prezidentinin Ermənistan baş naziri ilə görüşü bir sıra məqamları ilə yadda qaldı. 5 maddəlik təkliflər ətrafında müzakirələr və bəzi razılaşmalar Ermənistanın manevr imkanlarını xeyli məhdudlaşdırdı. Ermənistanın Minsk Qrupuna müraciəti, onu yenidən mənasız və məntiqsiz danışıqlara cəlbetmə cəhdi bu dəfə də uğursuzluğa düçar oldu.
Brüssel görüşü ilə bağlı onu demək olar ki, tərəflər yenə də prinsipial məsələlərdə - sərhədlərin müəyyənləşməsi, sülh sazişinin imzalanması üçün komissiya yaradılması kimi məsələlərdə razılıq əldə etsələr də, düşünürəm ki, Nikol Paşinyanın özü və komandası üzərinə götürdüyü bu öhdəlikləri də tam həcmdə yerinə yetirməyəcək.
- Elə sizin sözünüzə qüvvət: üçtərəfli görüşdə əldə olunan razılaşmanın ardınca Tovuz istiqamətində yenidən atəş səsləri eşidildi. Sizcə, məğlub olmuş ölkənin revanş cəhdləri nəyin əlamətidir və arxasında hansı qüvvələr dayanıb?
- Bu, təəccüblü görünməməlidir. Əvvəla, ermənilər hər zaman ordularında nizam-intizamın yüksək olmamasını etiraf edirlər. Bu cür təxribatları, baş vermiş növbəti atəşkəs pozulmasını ordu rəhbərliyinin yuxarı komandanlığa tabe olmamasının nəticəsi kimi də dəyərləndirmək olar. Belə bir mühüm görüş günü atəş açmaq və öz ölkəsinin rəsmisini mühüm beynəlxalq tədbirdə pis vəziyyətə salmaq o anlama gəlir ki, ordu sıralarında hələ də Paşinyanın nüfuzuna zərbə vurmaq istəyən kifayət qədər qüvvələr, generallar var.
- Yeri gəlmişkən, 2020-ci ilin Vətən müharibəsi də Tovuz təxribatlarından bir müddət sonra başlamışdı. Bu mənada Ermənistana növbəti ağır zərbələr endirilə bilərmi?
- Düşünmürəm ki, bu cür təxribatlara görə Azərbaycan hansısa genişmiqyaslı əməliyyatlar həyata keçirsin. Sözsüz ki, Müdafiə Nazirliyimiz lazım olan qəti addımların atılması üçün adekvat tədbirlər görülməsi ilə bağlı ciddi tapşırıqlar verib. Və o işlər elan olunmasa da, görülür və bundan sonra da görüləcək.
- Bu günlərdə müdafiə naziri Zakir Həsənovun Kəlbəcər və Laçına səfərləri oldu, komandanlığa müvafiq tapşırıqlar verildi. Necə bilirsiniz, bu, sıradan bir səfərdir, yoxsa hər hansı təhlükələri önləmək və düşmənə ağır zərbələr endirmək üçün hazırlıqdır? Həm də nəzərə alaq ki, elə sizinlə söhbət etdiyimiz saatlarda ermənilər yenə də atəşkəsi pozub...
- Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Kəlbəcər və Laçın səfəri də son vaxtlar ölkə başçısının ordu qarşısında qoyduğu konkret tapşırıqların icrası ilə bağlı məsələlərlə bağlıdır. Təsdiq edilmiş plana uyğun olaraq yaxın aylarda Ali Baş Komandana məruzələr edilməlidir və müdafiə nazirinin, həmçinin cavabdeh şəxslərin adıçəkilən rayonlara səfərləri daha dərin məna kəsb edir. Sözsüz ki, paralel olaraq Müdafiə Nazirliyinin rəhbər şəxsləri bəzi sosial obyektlərin də fəaliyyəti ilə tanış olublar, müvafiq tapşırıqları veriblər. Ermənistan tərəfi də anlamalıdır ki, müdafiə nazirinin şəxsən sərhəd bölgələrinə səfərləri və işğaldan azad olunmuş ərazilərə, həmçinin bir sıra həllini gözləyən məsələləri həll etmək tapşırığı hansı nəticələrə gətirib çıxaracaq. Vaxt heç də ermənilərin xeyrinə işləmir. Onların qərar qəbul etmələri üçün vaxt limiti başa çatmaq üzrədir.
- Üzeyir bəy, bir müddət əvvəl Nikol Paşinyan Qarabağdakı erməni silahlılarının çıxarılmayacağını iddia etmişdi. Həmçinin bu arada məlum oldu ki, Ermənistandan Qarabağa gizli yolla əsgər göndərilməsi davam etdirilir. İrəvan bir tərəfdən məkrli oyun oynayır, digər tərəfdən “sülh tərəfdarı” obrazında görünməyə cəhd edir. Siz proseslərin sonrakı gedişatını necə görürsünüz?
- Paşinyan özü əslində çox pis durumdadır. Bu bədbəxtin özünə qalsa, bəlkə də hansısa düz-əməlli qərarlar qəbul etmək üçün addımlar atar. Lakin ona üç istiqamətdən gələn təlimatlara əsasən, o, belə açıqlamalar verir. Moskva, Paris, Vaşinqton, hələ üstəlik də daxildən olan təzyiqlər onu bu və digər bir-birinə ziddi açıqlamalar verməyə məcbur edir. Ona görə də, Paşinyanın son açıqlamalarına baxsaq, o qədər ziddiyyətli və bəzən absurd çıxışlar var ki, artıq onu az qala qeyri-ciddi siyasətçi kimi qəbul edirlər.
- Bu ərəfədə erməni revanşistlər Qarabağdakı terrorçu rejimin tanınması çağırışı ilə çıxış ediblər. Qarabağ erməniləri isə Rusiyaya birləşmək xülyasını irəli sürürlər. Sizcə, ermənilər bu iki variantdan birini seçə bilərlərmi?
- Mənasız, həm də boş çağırış və cəhdlərdir. Ukraynadakı hadisələrdən sonra separatçılığa və bu ideyanın banisi olan Rusiyanın bütün vassallarına qarşı amansız və sərt addımlar atılacaq. Ona görə də, Rusiyanın Ukraynaya qarşı faşist davranışlarından öncə hardasa separatçıların azca da olsa, ümidləri və gümanları qalırdısa, artıq o da sona doğru gedir. Ona görə Qarabağdakı separatçılar da yaxın aylarda çox pis duruma düşəcəklər. Onların maddi və mənəvi dayaqları artıq yıxılmaq üzrədir. Sadəcə, azca səbir etməyimiz lazım olacaq.
- Ermənistan XİN rəhbəri 8 apreldə Moskvaya səfər etdi. Əvvəlcədən bildirilmişdi ki, səfər zamanı Lavrovla, həmçinin KTMT baş katibi Zasla görüşəcək. Lavrovu başa düşdük, bəs niyə Zas? Məqsəd nədir?
- Bu gün Moskvaya az sayda qonaq gəlir və Ermənistan XİN-in bu görüşü də növbəti təlimat almaq nöqteyi-nəzərdən mənim düşüncəmə görə, bir görüş sayıla bilər. Həm də bu gün Moskvanın durumu o səviyyədə deyil ki, kiminləsə görüşüb, nəyisə müzakirə etsinlər. KTMT-nin baş katibi ilə görüşü də ona görə protokola salıblar ki, bir müddət bundan öncə Ermənistanda olan narazılıqları və bu təşkilata qarşı sərt bəyanatları, tənqidləri yumşaltmaq üçün adi bir görüşdür. O görüşdə nə isə kardinal qərarlar və məsələlər həll edilməyəcək və bu şəxslər o çapda deyillər ki, hansısa mühüm qərarlar qəbul etsinlər. Bu, sadəcə Mirzoyanın Moskva səfərini bir qədər “zənginləşdirmək” üçün hazırlanmış protokoldur.
- Rusiya Müdafiə Nazirliyi bu günlərdə Qarabağdakı müşahidə məntəqələrinin sayını 27-dən 33-ə artırmışdı, sonradan yenidən əvvəlki siyahı təqdim olundu. Sizcə, şimal qonşumuz bununla nə demək istəyir?
- Bu, Rusiya sülhməramlılarının hazırkı komandanı general Volkovun öz hoqqabazlığı idi. Bu adam dərhal da öz yekəbaşlığına görə qulaqburması aldı və o razılaşdırılmamış qərarını ləğv etməli oldu. Ümumilikdə isə yaxın aylarda bu kontingentlə bağlı ciddi qərarların qəbul ediləcəyi gözləniləndir. Sülhməramlılar onlara bəslənən ümidləri əsla doğrultmadılar. Erməniləri məmnun edən addımları saysız-hesabsız olsa da, Azərbaycan tərəfinin çox ciddi iradları, narazılıqları açıq və ya diplomatik xətlə kifayət qədər səs-küyə səbəb olub.
- Necə bilirsiniz, erməni separatçıların Moskvaya birləşmək üçün imza toplamasının ardınca Şuşa Bəyannaməsi işə düşə bilərmi?
- Erməni separatçılarının Moskvaya birləşmək üçün etdikləri çağırış və cəhdlər o anlama gəlir ki, artıq bunlar üçün “əcəl zəngi” yaxınlaşır. Deməli, bunlar özlərinin gələcəyinin olmayacağı qənaətini əminləşdiriblər ki, tez-tələsik bu addımı atmaq üçün uğursuz cəhdlər edirlər. Xeyri yoxdur. Erməni separatçılar hiss edirlər ki, ayaqlarının altından torpaq yavaş-yavaş sürüşməyə başlayır. Ona görə də belə perspektivsiz bir yola baş vururlar ki, özlərindən bir “əzabkeş” obrazı yaratsınlar. Birdən kimsə bunların bu tülkülüyünə aldanar və separatçılara qahmar çıxar.
Amma vaxt da o vaxt deyil və bunları separatçılığa sövq edən güclərin də başı çox böyük cəncəllərdədir. İmza toplamırlar, lap özlərini diri-diri yandırsınlar, artıq dünya separatçıların nazı ilə bundan sonra çox oynamayacaq. Harada separatizm ocaqları var, orada mütləq mənada ciddi tədbirlər görüləcək. Bu gün Rusiyanın Ukrayna xalqına qarşı apardığı bu müharibənin kökündə separatizm və rus siyasi-hərbi rəhbərliyinin avantürasi dayanır. Ona görə də, hesab edirəm ki, Ukraynada müharibə səngiyəndən sonra dünyada bu tip yaramazlara qarşı çox ciddi cəza tədbirləri başlayacaq.
Erməni separatçılarını ram etmək üçün Azərbaycanın öz gücü hesabına hər cür imkanları mövcuddur. Ona görə də Şuşa Bəyannaməsi bizə daha böyük, daha qlobal məsələlərdə lazım olacaq. Düşünürəm ki, regionda sülhün və əmin amanlığın daha da möhkəmlənməsi üçün biz Şuşa Bəyannaməsinin müddəlarından da istifadə edəcəyik. Bu, bizim gücümüzə güc, işimizə uğur gətirən bir amil olacaq.
- Dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib. Amma tətbiq olunan sanksiyalar Rusiyanı durdurmaq üçün yetərli olmadı. 44 gündən sonra qənaətiniz necədir, Ukrayna müharibəsi çoxmu çəkəcək?
- Bu gedişlə, əlbəttə ki, Ukrayna müharibəsi hələ uzun müddət davam edəcək. Aktiv döyüş epizodları görməsək də, zaman-zaman həm sərhəddə, həm də sərhədlər daxilində silahlı və silahsız insidentlər baş verəcək. Rusiya öz ağılsız qərarı ilə çox dərin düşmənçilik toxumu səpmiş oldu və bu münasibətlərin normal məcraya düşməsi üçün illər və bəlkə də əsrlər lazım olacaq. Sözün hər mənasında Rusiya bu müharibəni dəhşətli fiasko ilə uduzub. Bu ölkənin siyasi, iqtisadi və hərbi nüfuzuna sağalmaz zərbələr vurulub. Ona görə də, yaxın aylarda bizim şimal qonşumuzun vəziyyəti daha da gərginləşəcək və Rusiya bu ağır yükün təsirindən xeyli zəifləyəcək. Bu, qaçılmazdır...