“İran NATO üçün artan təhlükədir”

18:24 26 Mart 2026

“İran Alyans üçün artan təhlükədir”.

Sitat.info xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə NATO-nun qərargahında 2025-ci il üzrə İllik Hesabatın təqdimatı zamanı keçirdiyi mətbuat konfransında deyib.

O, NATO-nun bütün müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün birlik və qətiyyətlə hərəkət etdiyini vurğulayıb:

“Dünya sürətlə dəyişir və NATO da bu dəyişikliklərə uyğunlaşır”.

Baş katib Rusiyanın Ukraynaya davam edən hücumu və Çinin hərbi gücünü artırmasını da əsas risk faktorları kimi dəyərləndirib.

Onun sözlərinə görə, 2025-ci il Alyans üçün daha çox iş görülməli olduğunu açıq şəkildə göstərib:

“NATO həm bu gün, həm də gələcəkdə yarana biləcək bütün təhlükələrə cavab vermək qabiliyyətini qorumaq üçün birlikdə hərəkət edir”.

Rütte əlavə edib ki, müdafiə və investisiya sahəsində mühüm irəliləyişlər əldə olunub və NATO əvvəlkindən daha güclü mövqedədir.

Baş katib bildirib ki, 2025-ci ildə müttəfiq ölkələrin hamısı müdafiə xərclərini ÜDM-in ən azı 2 faizi səviyyəsinə çatdıracaq, bir çoxları isə bu göstəricini aşacaq.

O vurğulayıb ki, uzun illər ərzində bəzi müttəfiqlər kifayət qədər məsuliyyət daşımayıb və daha çox ABŞ-yə güvəniblər, lakin artıq təhlükəsizlik mühitinin dəyişməsi ilə ümumi yanaşmada ciddi dönüş baş verib.

Rütte çıxışında İranın yaratdığı təhlükəyə xüsusi diqqət ayırıb. O, Hind okeanında yerləşən Dieqo Qarsiya hərbi bazasına yönəlmiş raket hücumunu nümunə göstərərək bildirib ki, Tehran artıq daha uzaq məsafələri hədəfə ala bilən imkanlara malikdir.

“Bu cür hücumlar göstərir ki, İran müttəfiqlər üçün getdikcə daha təhlükəli potensiala sahib olur. Yaxşı xəbər isə odur ki, NATO bütün üzvlərinin yanında möhkə dayanır”, – deyə o vurğulayıb.

Rütte həmçinin Şimali Koreya, İran, Rusiya və Çin arasında artan əməkdaşlığın narahatlıq doğurduğunu qeyd edib və bu məsələdə “sadəlövh olmamağa” çağırıb.

Baş katib əlavə edib ki, İranın nüvə silahına sahib olmasının qarşısının alınması NATO üçün prinsipial məsələdir. O bildirib ki, Alyans İranın regionda həyata keçirdiyi hücumları pisləyir və xüsusilə Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasını vacib hesab edir.



Xəbər xətti