Avropada sərnişin təyyarələri kütləvi şəkildə təcili eniş edir
Noyabrın 5-də Avropada sərnişin təyyarələrinə göyərtələrində partlayıcı qurğuların olması barədə kütləvi şəkildə mesajlar daxil olmaqdadır.
Sitat.info xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Təkcə səhər saatlarında Avropa daxilində ondan çox aviareys bomba təhlükəsi ilə üzləşib.
Belə ki, "Ryanair" aviaşirkətinin Kopenhagen və Madriddən uçuş həyata keçirən iki təyyarəsi partlayıcı qurğu barədə alınan xəbərdarlığa görə Sofiyada eniş edib. Londondan gələn daha bir təyyarə isə Plovdiv hava limanına enməli olub.
"Le Soir" qəzetinin məlumatına əsasən, LOT aviaşirkətinin Varşavadan uçan təyyarəsi də ehtimal edilən partlayış xəbərdarlığından sonra Brüsseldə təcili eniş edib. Bununla belə, LOT aviaşirkəti bu gün öz təyyarəsinin iştirakı ilə baş verən hadisəni təsdiqləyib, lakin təhlükənin yalançı olduğunu bildirib.
"Wizz Air" aviaşirkətinin Milandan Varşavaya uçan sərnişin layneri isə Vyanada məcburi eniş edib.
Praqaya yollanan dörd təyyarə ilə bağlı da göyərtədə əldəqayırma partlayıcı qurğunun olması barədə hədə-qorxular daxil olub.
"Biz təhlükəni gözardı etmirik, buna görə də sərnişinlərə və hava limanının işinə mümkün qədər az təsir göstərməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb. Enişdən sonra bütün təyyarələrdə pirotexniki yoxlamalar aparılacaq", - deyə Çexiya polisi bəyan edib.
Qeyd edək ki, noyabrın 3-də də Avropada onadək kommersiya reysi partlayış təhdidlərinin hədəfinə çevrilmişdi, lakin yoxlanışdan sonra heç bir şübhəli qurğu tapılmamışdı. Dublin - Roma reysi də daxil olmaqla "Ryanair"in ən azı dörd reysi, eləcə də SAS, LOT və "Wizz Air"ə məxsus təyyarələr bu vəziyyətdən təsirlənmişdi.