Bu şəxslər sosial sığorta haqqı və gəlir vergisindən azad edilir: Dövlət büdcəsindən kompensasiya ediləcəkmi?

15:01 2 Aprel 2024

"Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclasda müzakirə edilən məsələlərdən biri də "Sosial sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər idi. Sənəd Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda çalışan əməkdaşlarının bütün növ ödənişlərin (dövlət məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilməsini nəzərdə tutur.

Müzakirələr zamanı çıxışımda sosial haqqlardan azad olunmaqla yanaşı həmin vəsaitin dövlət tərəfindən vətəndaşın pensiya hesabına kompensasiya edilməsini təklif etdim. Belə ki, sosial haqlar həm də pensiya kapitalı formalaşdırır. Sosial haqları ödəməkdan azad edilən vətəndaşların pensiya kapitalında azad olunan sosial məbləği kompensasiya etmiriksə, avtomatik olaraq onlar pensiyaya çıxanda daha aşağı pensiya alacaqlar".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vüqar Bayramov deyib. 

O bildirib ki, yəni, indi sosial haqq ödəməkdan azad olunmaq həmin vətəndaşlarımızın sosial təminatı baxımdan vacibdir və müsbət haldır: "Bununla yanaşı, bu pensiya kapitalında da müqayisəli şəkildə az yığım deməkdir. Xüsusən nəzərə alsaq ki, hərbi sahədə çalışanların heç də hamısı 25 illik ştaj müddətinə malik olmaya bilər və bu zaman onların pensiya yığımları önəmli olur".

Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda cənab Prezidentin göstərişi ilə azad olunan sosial haqqlar dövlət tərəfindən orada çalışan işçilərin pensiya hesabına ödənilir: "Bu da onların pensiya yaşı tamam olan zaman daha yüksək pensiya almasına imkan yaradacaq. Bu baxımdan, oxşar modelin digər sektor üzrə azadolmalarda da tətbiqi məqsədəuyğundur".

Nərgiz,

Sitat.info



Xəbər xətti