Avropada tələbə etirazları: Küçələr BAĞLANIR

Avropada tələbə etirazları: Küçələr BAĞLANIR
Dünya 02 Oktyabr 2026 18:15
Avropanın bir sıra ölkələrində tələbə və məktəblilərin kütləvi etirazları davam edir. Etirazçılar küçələri bağlayır, bəzi şəhərlərdə isə aksiyalar iğtişaşlara və təhlükəsizlik qüvvələri ilə toqquşmalara çevrilir.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, ən genişmiqyaslı etirazlara təxminən 10 gündür davam edir. Hərəkat Paris yaxınlığındakı Kretey şəhərində yerləşən liseylərdən birində başlayıb və qısa müddətdə ölkənin digər şəhərlərinə yayılıb.

Hazırda etirazlar Paris və ətraf bölgələrlə yanaşı, Lill, Marsel, Lion, Nant, Strasburq, Nitsa, Renn və Ruan şəhərlərində keçirilir. Məlumata görə, əvvəlki gün ölkə üzrə 1 000-dən çox liseydə, yəni bütün orta məktəblərin dörddə birindən çoxunda etiraz aksiyaları baş tutub.

15-18 yaşlı şagirdlər müəllim çatışmazlığının aradan qaldırılmasını, siniflərdə şagird sayının azaldılmasını və məktəblərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasını tələb edirlər.

Bəzi şəhərlərdə aksiyalar qarşıdurmalarla müşayiət olunub. Etirazçılar məktəb binalarına və avtomobillərə od vurub, təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar atıblar. Polis isə bəzi hallarda gözyaşardıcı qazdan istifadə edib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisələr zamanı 65 məktəb əməkdaşı, o cümlədən 40 məktəb direktoru xəsarət alıb. Təxminən 600 etirazçının saxlanıldığı bildirilir.

Etiraz dalğası oktyabrın 1-dən etibarən Belçikaya da yayılıb. Hazırda əsas etiraz mərkəzi Lyej şəhəridir. Burada bir neçə orta məktəbin qarşısında kortəbii aksiyalar keçirilib.

Oktyabrın 2-də baş verən toqquşmalardan sonra Lyejdə bir sıra orta məktəblərin fəaliyyəti dayandırılıb. Qonşu Ayvail və Sen-Corc şəhərlərində də yeni etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.