Fransada lisey şagirdlərinin aksiyaları genişlənir - 200 yaralı var
Fransada lisey şagirdlərinin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdiyi etiraz aksiyaları genişlənir.
Sitat.info xəbər verir ki, Parisdə yüzlərlə şagird Claude Monet Liseyinin girişini zibil qutuları ilə bağlayıb. Şagirdlər plakatlar qaldırıb və təhsil şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Lyonda da onlarla liseydə aksiyalar davam edir və bəzi məktəblərdə dərslər dayandırılıb.
Nant şəhərində Nelson Mandela Liseyinin ərazisində yanğın törədilib və yollar müvəqqəti bağlanıb. Marseldə isə etirazçılar avtobus və tramvay xəttini yandırıblar, nəticədə nəqliyyatın hərəkəti pozulub. Marseldə baş verən hadisələr zamanı bir yanğınsöndürən əməkdaşının yüngül yaralandığı bildirilir.
Etirazlar universitetlərə də yayılıb və 26 universitetdə tələbələr lisey şagirdlərinə dəstək olaraq girişləri bağlayıblar. Hakimiyyətin məlumatına görə, əvvəlki aksiyalarda 202 nəfər yaralanıb, 625 nəfər isə saxlanılıb.
Aytac,
Sitat.info