Bu futbol klubunun sahibi GÜLLƏLƏNDİ
Bolqarıstanın “Botev” futbol klubunun sahibi İliyan Filipov Plovdiv şəhərində güllələnərək öldürülüb. O, 53 yaşında olub.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Filipov başından aldığı tək güllə yarası nəticəsində həyatını itirib.
Hadisə yerinin ətrafı polis tərəfindən mühasirəyə alınıb. Hüquq-mühafizə orqanları ərazidə axtarışlar aparır, nəqliyyat vasitələrini yoxlayır və müşahidə kameralarının görüntülərini araşdırır.
“Botev Plovdiv” klubunun rəhbərliyi Filipovun ölümü ilə bağlı dərin hüznünü ifadə edib.
“İliyan Filipov əbədi olaraq ‘Botev Plovdiv’ tarixinin bir hissəsi olaraq qalacaq”, – klubun “Instagram” səhifəsində yayımlanan açıqlamada bildirilib.
Qeyd edək ki, “Botev” ikiqat Bolqarıstan çempionudur. Klub sonuncu dəfə 1967-ci ildə ölkə çempionu olub. Komanda həmçinin dörd dəfə Bolqarıstan Kubokunu və bir dəfə ölkə Super Kubokunu qazanıb.