Sumqayıtda psixoloq və köməkçisi ilə bağlı ŞOK İDDİA: Ata yaralanıb, ananın dişi düşüb - FOTO
Sumqayıtda fəaliyyət göstərən psixoloq-loqoped Türkan Mehdizadənin pasiyentlə bağlı yaranan mübahisə zamanı ailə üzvlərinə xəsarət yetirdiyi iddia olunur.
Sitat.info xəbər verir ki, hadisənin pasiyentin qəbul üçün əvvəlcədən ödəniş etməsindən sonra baş verdiyi bildirilir. İddiaya görə, pasiyent qəbul günü mütəxəssis tərəfindən qəbul edilməyib və bunun ardınca tərəflər arasında mübahisə yaranıb.
Mübahisə zamanı Türkan Mehdizadə və onun köməkçisinin ailə üzvlərinə fiziki zor tətbiq etdiyi iddia edilir. Hadisə nəticəsində atanın üz və baş nahiyəsindən xəsarətlər aldığı, ananın isə dişinin düşdüyü bildirilir. Ailə üzvlərinin bədənlərinin müxtəlif nahiyələrində göyərmələrin olduğu da qeyd edilir.
Hadisə zamanı ailənin 2 yaşlı uşağının da yanında olduğu və baş verənlərdən psixoloji təsir aldığı iddia olunur.
Ailə hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Nuriyyə,
Sitat.info





