Aİ Gürcüstanın ATƏT sədrliyinə namizədliyini dəstəkləmir
Sitat.info xəbər verir ki, Brüsseldə yerləşən “Reporter” portalının məlumatına görə, Gürcüstan 2027-ci il üçün ATƏT sədrliyinə namizədliyini irəli sürüb. Tbilisi təşkilatın bütün üzv dövlətləri ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.
Aİ sözçüsü Kristian Viqand isə Brüsselin Kiprin namizədliyini dəstəkləməyə davam etdiyini və alternativ namizədlərlə bağlı müzakirə aparmadığını bildirib.
Hazırda ATƏT-in 2027-ci il sədrliyi ilə bağlı məsələ açıq olaraq qalır. Kipr yeganə rəsmi namizəddir, lakin Türkiyə onun namizədliyinə qarşı çıxır. Bu vəziyyət Gürcüstana alternativ namizəd kimi çıxış etmək imkanı yaradır.
Portalın məlumatına görə, Baltikyanı ölkələr də Gürcüstanın namizədliyinə qarşı çıxan dövlətlər sırasındadır.
ATƏT Nazirlər Şurasının növbəti iclasının dekabrın 3-4-də İsveçrənin Luqano şəhərində keçirilməsi planlaşdırılır.