Laçında süni intellektlə canlanan xatirələr, "32 il sonra..."

14:40 30 İyul 2024

Laçın şəhərində, məşhur müğənni Məhəbbət Kazımovun xatirə gecəsində nümayiş olunan bir dəqiqəlik video böyük rezonans doğurub. Süni intellektin verdiyi imkanlar sayəsində sanki bugünkü abad Laçını gəzən Məhəbbət Kazımovun təbəssümü, sevinci, Həkəri çayı sahilindəki Laçın bulvarına toplaşan yüzlərlə tamaşaçını kövrəldib. Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin və Bakı Abadlıq Xidmətinin birgə təşkil etdiyi "Məhəbbətlə" adlı xatirə gecəsində müğənninin yaxın dostları - yazıçılar, jurnalistlər, Beynəlxalq Muğam Mərkəzinin, vaxtilə Məhəbbət Kazımovun yaratdığı "Laçın" instrumental ansamblının solistləri, şəhər ziyalıları və Laçının istedadlı cavanları çıxışlar ediblər.

Səhnə tərtibatında diqqəti ən çox cəlb edən - maraqlı, təsirli həyat hekayələrindən ibarət "32 il sonra..." kataloqundan fraqmentlər olub. Tam versiyası abadlıq.az saytında, "Laçın layihələri" bölümündə paylaşılan kataloqun özəlliyi - doğma yurda qayıdan sakinlərin uzun ayrılıq illərində yaşadıqlarını kiçik hekayələr şəklində əks etdirməsidir. Yüksək peşəkarlıqla tərtib edilmiş, ilkin versiyada 100 məşhur laçınlının - Vətən müharibəsi qazilərinin, elm adamlarının, ictimai xadimlərin, istedadlı gənclərin gələcəklə bağlı arzularını əks etdirən kataloqun davamı da olacaq. Bunu təşəbbüsün müəllifləri - Bakı Abadlıq Xidmətinin nümayəndələri söylədilər.

"Məhəbbətlə" xatirə gecəsindən eksklüziv görüntüləri izləyicilərə təqdim edirik:



Xəbər xətti