“Yeni Zelandiyada kərə yağının bir kiloqramı 6-7 manata başa gəlir. Azərbaycan gömrüyünə qədər 9 manata gətirirlər. 9 manata gətirilən kərə yağı Azərbaycan bazarında təxminən 18-20 manata satılır. Amma bəzilərini də gətirib Azərbaycanda qablaşdırırlar. Həmin o qablaşdırılan yağlara da ucuz yağ qatılır. Belə olan halda qiymət daha da bahalaşır və 18-20 manata satılan yağ 22-23 manata, hətta 25 manata istehlakçılara təklif edilir”.
Bunu iqtisadçı ekspert Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, ölkə daxilində istehsalın azalması və onun maya dəyərinin artması kərə yağının qiymətinin artmasına gətirib çıxarır:
“Heyvandarlıq məhsulları, o cümlədən də kərə yağı getdikcə həm bahalaşır, həm də istehsalı aşağı düşür. Bu səbəbdən də biz idxala üstünlük veririk. Qarşıdakı aylarda kərə yağının qiymətində tədricən bahalaşma gözləniləndir”./Bakupost.az