Türkiyənin Ukraynadakı müharibə ilə bağlı vasitəçiliyi qüvvədədir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu”nun efirində deyib. O bildirib ki, müharibə artıq Rusiya ərazisinə keçib: “Hər gün on minlərlə top mərmisi atılır. Hər iki tərəf qarşı tərəfi təzyiq altında saxlamağa çalışır”. H.Fidan söyləyib ki, beynəlxalq ictimaiyyət Şərqi Avropada baş verənlərə adekvat münasibət göstərmir.
Nazirin sözlərinə görə, ABŞ-dakı prezident seçkilərindən sonra müzakirələr başlaya bilər: "Mənim başa düşdüyüm budur ki, tərəflər arasında dialoq mexanizmi başlaya bilər".
H.Fidan söyləyib ki, müharibənin bu formada davam etməsində maraqlı olan qüvvələr də var.
Türkiyənin bu müharibədə vasitəçiliyi mövzusunu Sitat.info üçün şərh edən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Türkiyə Ukraynda müharibənin başa çatmasında səmimdir və həqiqətən səmimi səylər ortaya qoyur:
"Çünki,Türkiyənin vasitəçiliyini şərtləndirən bir neçə məqam var. Birincisi, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə normal münasibətləri var. Odur ki, müharibənin daha çox uzanmamasının tərəfdarıdır. Ona görə ki, müharibə perspektivdə uzandıqca, genişləndikcə, Türkiyə tərəf seçməli ola bilər. İkincisi isə Türkiyə NATO ölkəsidir və NATO ölkəsi olmasına baxmayaraq, Rusiya ilə normal münasibətləri var. Deməli, bu müharibə NATO-Rusiya toqquşması ilə nəticələrsə,Türkiyə yenə tərəf seçməli olacaq. Türkiyə isə bunu istəmir".
K.Novzuzov qeyd edib ki, Türkiyənin vasitəçiliyi ilə Rusiya-Ukrayna arasında irəliləyişlər olsa da, Qərb dövlətləri buna mane olub: "Türkiyəni maraqlandıran regional təhlükəsizlikdir. Odur ki, regional təhlükəsizliyin qorunması naminə müharibənin dayanması üçün səmimi səylər göstərir. Ən uğurlu vasitəçi Türkiyədir. Türkiyənin vasitəçiliyi ilə bir çox müəyyən irəliləyişlər əldə olunub. Sonradan Qərb dövlətləri buna mane olublar. Hətta Rusiya və Ukrayna tərəfi İstabulda görüşəndə sülhə çox yaxın idilər, bunun qarşısı alındı. Çünki, Qərb müharibənin uzanmasına maraqlıdır. Xüsusi ilə ABŞ başda olmaqla, NATO-nun əksər üzvləri Rusiyanın zəifləməsində maraqlıdırlar. Bunun üçün Ukraynadan poliqon kimi istifadə edirlər. Eyni zamanda özlərinin silah ticarətini təmin edirlər".
Poltiloq vurğuladı ki, ABŞ-da keçiriləcək prezident seçkiləri müharibənin gedişinə təsir edə bilər: "Əslində həm Rusiya, həm də Ukrayna tərəfi artıq yorulub, müharibə dalana dirəninb. Hər iki tərəf başa düşür ki, perspektivdə müharibənin uzanması onların hər ikisinə də ziyandır. Əslində hər ikisi də müharibədə məğlubdurlar. Düşünürəm ki, bu müharibənin qalibi Qərbdir. Ola bilsin ki, ABŞ-da prezident seçkilərindən sonra danışıqlar başlasın. ABŞ-dakı prezident seçkilərində Tramp hakimiyyətə gələrsə, danışıqlar başlaya bilər. Respublikaçılar Rusiyaya münasibətdə daha loyal mövqe ortaya qoyacaqlar və Ukraynaya dəstəyi azaldacaqlar. Hətta ola bilər ki, Ukraynanı danışıqlara sövq etsinlər. Tramp "mən hakimiyyətə gəlsəm, müharibəni bir sutkaya bitərərəm" deəyəndə məhz bunu nəzərədə tuturdu. Həqiqətən də Hakan Fidanın da dediyi kimi Qərbin Ukraynadakı müharibənin uzanmasında maraqları var. Silah ticarətini və geosiyasi maraqlarını təmin edirlər, Rusiyanı da zəiflədirlər".
Məğrur Salmanov,
Sitat.info