Laçın şəhərində Anım Gününün ildönümü ilə bağlı tədbir təşkil edilib

19:58 27 Sentyabr 2024

Laçın şəhərində 27 sentyabr Anım Gününün ildönümü ilə bağlı tədbir təşkil edilib. Tədbirdə şəhid ailələri, qazilər, hərbçilər, yerli sakinlər, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları şəhid Camal Quliyevin məzarını ziyarət edərək gül dəstələri qoyub, Vətən uğrunda özlərini fəda etmiş şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad ediblər.

Tədbir Laçın şəhərində yerləşən “LaCinema” Kino Mərkəzində davam edib.
Mərasim Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Əvvəlcə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edib. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfərin əsas qaynağı Ali Baş Komandan, ordu və onun ətrafında sıx birləşən məğrur xalqımız olub. Məsim Məmmədov şəhidlik adının və qəhramanlığının nəsillər dəyişdikcə yaşayacağını vurğulayıb.

Daha sonra Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Güləliyeva çıxışında qeyd edib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü cənab Prezidentin siyasəti, Vətən uğrunda canından keçən şəhidlərimizin qanı-canı hesabına bərpa olunub. O, Azərbaycan Ordusunun şücaətindən danışaraq bildirib ki, bizə Zəfər sevincini bəxş edən xalqımızın qəhrəman övladları heç zaman unudulmayacaq.

“Laçın Abadlıq Xidməti” ASC-nin direktoru Nəsimi Əsədov isə vurğulayıb ki, Vətən uğrunda canını fəda edən bütün şəhidlərin şərəfli ömrü gələcək nəsillərin vətənpərvər tərbiyyəsində mühüm rol oynayır.

Rəsmi mərasimdən sonra, 44 günlük Vətən müharibəsinə həsr olunmuş və müharibə gerçəklərini əks etdirən sənədli film nümayiş etdirilib.






Xəbər xətti