Hər sahədə qardaşlıq: Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin dünəni, bu günü və sabahı...

09:42 30 Sentyabr 2024

Son illər Türkiyə-Azərbaycan qardaşlığı artıq fərqli bir mərhələyə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı uğurlu qardaşlıq və strateji müttəfiqlik siyasəti nəticəsində iki dövlət tarixində ən yüksək səviyyəli birliyə nail olunub. 
Xüsusən 44 günlük müharibədə Türkiyənin Azərbaycana verdiyi dəstək, daha sonra 2021-ci il iyunun 15-də Şuşa şəhərində iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa bəyannaməsi hərbi- siyasi birliyi təmin etdi. “Bir millət, iki dövlət” tezisinin reallaşmasına mühüm addım oldu. Dünyanın qibtə ilə izlədiyi bu qardaşlıq münasibətləri təkcə siyasətlə məhdudlaşmır, eyni zamanda iqtisadi əlaqələrin güclənməsinə də müsbət  təsir göstərir.  

Ən böyük tərəfdaş...

Təsadüfi deyil ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 31 faiz artaraq təqribən 7, 7 milyard dollara çatıb. Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 
Ticarət dövriyyəsinin strukturuna diqqət yetirsək görərik ki, Azərbaycanla Türkiyə arasında müsbət saldo var. Bu da onunla bağlıdır ki, Türkiyə Azərbaycanın ticarət dövriyyəsində ikinci ən böyük tərəfdaşdır. Qeyri-neft ixracatında  isə  Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. 
Biz Türkiyəyə təkcə enerji deyil,  qeyri-neft məhsulları da göndəririk. Bu da təbii ki, Azərbaycan ixracatının Türkiyədən idxaldan daha üstün olmasına gətirib çıxarır. Əlbəttə iqtisadi münasibətlər yalnız ticarət dövriyyəsi ilə tamamlanmır. Qarşılıqlı investisiya qoyuluşları da var və Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın investisiya qoyuluşu həyata keçirib. Türkiyənin Azərbaycandakı investisiyası təxminən 13 milyard dollara yaxındır. Azərbaycan Türkiyə iqtisadiyyatına sərmayələri ilə tövhə verən ölkələrdən biridir.
Fərqli  sahələrdə əməkdaşlıq platforması formalaşıb. Türkiyə turizmdə, aqrar sektorda, eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurmasında fəal iştirak edən dövlətdir. Xüsusən də infrastruktur layihələrinin reallaşmasında Türkiyə şirkətləri aktiv şəkildə iştirak edirlər. 
İki ölkə arasındakı əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzurda bərpa və  yenidənqurma prosesində davam etdirilir. Qarşılıqlı təcrübə mübadiləsi davam etdirilir. Bu əməkdaşlıq Türkiyə-Azərbaycan strateji əməkdaşlığı fonunda region üçün bir modeldir. 

ATİB-in fəaliyyəti...

İki ölkə arasında müxtəlif sektorlarda iqtisadi əməkdaşlığın formalaşmasında 20 ildir fəaliyyət göstərən  Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) də mühüm rolu olub. Özündə tikinti və inşaat, maliyyə və bankçılıq, İKT və telekommunikasiya, turizm və hotelçilik, kənd təsərrüfatı və qida sənayesi sahələrində təmsil olunan 90-a yaxın şirkəti birləşdirən bu təşkilat iki ölkənin hökumət və vətəndaş cəmiyyəti arasında körpü olmaqla, hər iki ölkənin sosial, mədəni və iqtisadi inkişafına dəstək olmaqdadır. ATİB üzvləri xüsusən Qarabağ və Şərqi Zəngəzur bölgəsinin yenidən qurulmasına müxtəlif yollarla töhfə verirlər. 

Strateji layihələr...

Azərbaycanın müəllifi olduğu mühüm regional və qlobal layihələrin hər biri qardaş ölkənin birbaşa iştirakı ilə həyata keçirilir. Bakı-Tiflis-Ceyhan, Bakıl-Tiflis-Ərzurum neft-qaz kəmərləri,  Bakı-Tbilisi- Qars dəmir yolu təkcə iki ölkənin deyil, regionun iqtisadiyyatına tövhə verməkdədir. 
İki ölkə  arasında ən böyük strateji layihə olan TANAP və TAP layihələri isə bütövlükdə Avropa qitəsinin enerji təminatının şaxələndirilməsinə yol açmaqla, bu dövlətləri Rusiya qazından asılılıqdan xilas edir ki, bu da Türkiyə və Azərbaycanın siyasi nüfuzunu artıran faktora çevrilir. 
Təbii ki, bununla bitmir. Qardaş ölkələrin iqtisadi birliyinin uğurlu sabahına aparan yol Zəngəzur dəhlizindən keçəcək. Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin pik mərhələsi Zəngəzur dəhlizi açıldıqdan sonra başlayacaq. Zəngəzur dəhlizi sayəsində Türkiyə ilə Orta Asiya yeni bir əlaqəyə malik olacaq. Türkiyə ilə Azərbaycan birbaşa quru yolu ilə birləşəcək. Beləliklə, Türkiyə ilə Türk dünyası arasında fasiləsiz əlaqə yaranacaq. Eyni zamanda, Zəngəzur dəhlizi ilə tarixi İpək Yolu canlandırılacaq. Bu da regional sülh və əməkdaşlıq mühitini gücləndirəcək.
Zəngəzur dəhlizinin açılması Türkiyənin regional və qlobal cəhətdən gücünü daha da artıracaq, dünyada söz sahibi kimi nüfuzunu yüksəldəcək. Bütün bunlar Türkiyənin Azərbaycanla və Türk dünyası ilə münasibətlərinin, eləcə də iqtisadi əməkdaşlığının dərinləşməsini sürətləndirəcək.

Vahid millət, vahid iqtisadi güc...

Buraya qədər qeyd etdiyimiz layihələr dövlətlərin birliyini, strateji müttəfiqliyini gücləndirir, inkişaf etdirir. Bu birliyi və qardaşlığın müxtəlif sahələrə dayanan bağlarını xalqlar arasında da möhkəmlətmək günümüzün tələbidir. Cəmiyyətlərin bir-birinə mədəni, mənəvi, iqtisadi inteqrasiyası, liderlərimizin rəhbərliyi ilə aparılan bu  prosesinin cəmiyyətlərimizdə də eyni ab-hava və mənəvi atmosferlə davam etməsinə, yüzillərlə davam edəcək sarsılmaz əlaqələrin formalaşmasına gətirib çıxaracaq. 
Burada isə enerji layihələri ilə yanaşı, daha geniş kütləyə xitab edən qeyri-neft sektroru - sənaye, aqrar sektor və turizmdə iki qardaş ölkənin vahid sistem qurmasına ehtiyac var. 
Türkiyə kənd təsərrüfatında və aqrar sənayedə dünyada öz sözünü deyib, Azərbaycan da inkişaf yolunda addımlasa da bu sahədə qardaş ölkə təcrübəsinin öyrənilməsinə ehtiyac var.  Hazırda iki dövlət  aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə sıx və səmərəli əməkdaşlıq edir.

Təsadüfi deyil ki, sentyabrın 25-də Azərbaycan və Türkiyə kənd təsərrüfatı nazirləri arasında görüş keçirildi və iki ölkə arasında heyvandarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalandı.

Türkiyə və Azərbaycan arasında kənd təsərrüfatında əməkdaşlıq, iki ölkənin iqtisadiyyatını gücləndirmək üçün əhəmiyyətli bir sahədir. Əməkdaşlıq bir neçə istiqamətdə dərinləşə bilər:
-    Texnologiya mübadiləsi - Türkiyədən kənd təsərrüfatı texnologiyaları və müasir aqrotexniki üsullarla bağlı Azərbaycan fermerlərinə dəstək verilə bilər;
-    İnvestisiyalar - Türkiyəli investorlar, Azərbaycanda xüsusilə bitkiçilik və heyvandarlıq sahələrində sahəsinə sərmayələr yatırmaqla mövcud təcrübəni də gətirə bilər;
-    Tədqiqat - birgə tədqiqat layihələri həyata keçirilə bilər, innovativ həllər və məhsul istehsalını artırmaq üçün əməkdaşlıq; 
-    Təhsil və təlim: Türkiyədən olan mütəxəssislərin Azərbaycanda kənd təsərrüfatı sahəsində təlim proqramları keçirərək bilik mübadiləsi aparması və sair...
-    Aqrar sığorta və aqrar kredit – fermerlərin maliyyə təminatı və dayaqlığının artırılması üçün Türkiyə təcrübəsinin ölkəmizdə daha da genişləndirilməsinə, qardaş ölkə şirkətlərinin ölkəmizdə təmsil olunması üçün şərait yaradılmasına ehtiyac var. 

Türkiyə və Azərbaycan cəmiyyətlərinin həm iqtisadi, həm də mədəni inteqrasiyasını gücləndirməyin bir yolu da turizm sektorunda ortaq layihələrin icrasından keçir. 
Azərbaycanda Türkiyə turizminə maraq böyükdür. Azərbaycana gələn turistlərin isə 19,3 faizi Türkiyənin payına düşür.  Ancaq təbii ki, qarşılıqlı səyahətlər yetərli deyil. Azərbaycanlı turistlər adətən ya İstanbula, ya da Türkiyədə çimərlik turizmi üzrə məşhur olan Antalya, Alanya kimi bölgələrə üz tuturlar. Halbuki tarixi, qədim mədəniyyəti, zəngin mətbəxi, iqtisadi inkişafı ilə hər bir turistin diqqətini cəlb edəcək digər bölgələr də var. Eynilə Türkiyə ictimaiyyəti Azərbaycanın qədim tarixinə, müxtəlif bölgələrin mədəniyyətinə, zənginliklərinə vaqif deyil və ən sadə detallar belə onları təəccübləndirir. 

Bu isə o deməkdir ki, qarşıdakı dövrdə Türkiyə ilə Azərbaycanın turizm əməkdaşlığı bir neçə sahədə inkişaf edə bilər: 
-    Birgə turizm proqramları - Yəni, hər iki ölkənin turizm büroları birgə tur paketləri hazırlaya bilər. Məsələn, turistlər bir yerdə iki ölkəni ziyarət edə bilərlər.
-    Mədəniyyət mübadiləsi - Mədəni tədbirlər, festivallar və sərgilər təşkil edərək turistlərin marağını artırmaq mümkündür. Məsələn, Azərbaycanda Türk mədəniyyətini tanıdan tədbirlər, Türkiyədə Azərbaycan mədəniyyətinin tanıdılması...
-    Təlim və təcrübə mübadiləsi – Türkiyənin bu sahədəki inkişafını nəzərə alsaq, qardaş ölkənin turizm sektoru üzrə mütəxəssislərin təlimi, idarəetmə təcrübələrinin mübadiləsi ölkəmiz üçün faydalı olar və xidmət keyfiyyətini artırmağa kömək edər.
-    Marketinq və reklam: Birgə marketinq kampaniyaları, sosial mediada əməkdaşlıq, sərgilərdə iştirak edərək hər iki ölkənin turizm imkanlarını tanıtmaq. Bu sahədə ictimai rəyə əsas təsir vasitəsi olan mətbuatın, media orqanlarının da imkanlarından faydalanmaq mühümdür. 
-    Hava yollarında imkanların genişlənməsi - Turist üçün rahat və ucuz gediş-gəliş önəmlidir. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasında tələbata əsasən turistik bölgələrə birbaşa uçuş xətlərinin açılması, eyni zamanda əlverişli qiymətlərin tətbiq edilməsi turistlərin rahat səyahət etməsini təmin edə bilər. 


Sənayenin inkişafı, yeni iş yerləri...
Turizm və kənd təsərrüfatından əlavə digər sənaye sahələrində, xüsusən də tekstil sahəsində Türkiyə təcrübəsinin Azərbaycana gətirilməsinə ehtiyac var. Bu gün Azərbaycan pambıq istehsalçısı kimi sadəcə xammal ixracı həyata keçirir. Xammalın son məhsul halına salınması üçün sənaye infrastrukturunun qurulması həm valyutanın ölkədən çıxmasının qarşısını alar, həm də iqtisadi aktivliyi artırmağa,  yeni iş yerlərinin açılmasına xidmət edər. Ümumiyyətlə, günümüzdə Azərbaycanda zavod və fabriklərin açılması həm ÜDM-in artmasına, həm də məşğulluğun yüksək əlavə dəyər yaradan sahələrdə təmin olunmasına imkan yaradacaq. 
Öncədən də qeyd etdiyimiz ki, bütün bunlar təkcə iqtisadi məsələ deyil, qardaş ölkə xalqlarının bir-birini daha dərindən tanıması, müxtəlif sahələrdəki əməkdaşlıqlarla bir araya gəlməsi, dil və din birliyindən gələn ortaq dəyərlərin fonunda mənəvi birliyin daha da güclənməsinə və qarşılıqlı inteqrasiyasına yönəlik addımlardır. 
Türkiyə-Azərbaycan iqtisadi birliyi perspektivdə Türk Dövlətlər Təşkilatının vahid iqtisadi güc mərkəzi formalaşmasında mühüm rol oynayacaq. Ali məqsəd Turan birliyi və bu birliyin hərbi-siyasi müttəfiqliyi ilə paralel olaraq iqtisadi inteqrasiyasını, nəticədə dünyada bir iqtisadi güc mərkəzi kimi öz sözünü deməsini təmin etməkdir. 


Yazı Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) yaranmasının 20 illiyi münasibətilə keçirilən “Hər sahədə qardaşlıq: Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin dünəni, bu günü və sabahı” mövzusunda publisistik yazı müsabiqəsinə təqdim edilir. 
 

Nərgiz Liftiyeva
Sitat.info saytının baş redaktoru



Xəbər xətti