Məktəbəqədər hazırlıq - 5 yaşından təhsilə başlamağın faydası və ya zərəri nədir?

16:58 2 Oktyabr 2024

Oktyabrın 1-dən ölkə üzrə ümumtəhsil məktəblərində məktəbəqədər hazırlıq qrupları fəaliyyətə başlayıb. Təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə hazırlıq qrupları açılıb. Təhsilə atılan ilk addım xarakteri daşıyan məktəbəqədər hazırlıq qruplarının məqsədi uşaqların dərs prosesinə alışması, müəyyən bilik əldə etməsi, sosiallaşmasıdır. Bəs azyaşlı uşaqların erkən yaşda təhsilə cəlb olunması onlara daha çox fayda, yoxsa zərər verir? 

Bu sualla bağlı Sitat.info -ya danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, 5 yaşlı uşaqların təhsilə cəlbində narahatlıq yaradan bir hal yoxdur:  “Çünki məktəbəqədər hazırlıq icbari deyil, könüllü xarakter daşıyır. Yalnız orta ümumi təhsil icbari xarakter daşıyır. Övladı 5-6 yaş qrupuna daxil olan valideynlər isə özləri qərar verir ki, uşaqlar məktəbəqədər könüllülük fəaliyyətindən yararlansınlar, ya yox”.

Ekspert qeyd edir ki,mənfi detallar da var: “Bir zamanlar bu mövzuda müəyyən piar işləri,  manipulativ təbliğat aparıldı. Sanki məktəbəqədər hazırlıq qruplarına gəlməyənlərin sonrakı təhsil aqibətləri  0-ın altında olacaq. Onlar tədris prosesində məktəbəqədər hazırlığa gələn həmyaşıdlarından xeyli geri qalacaqlar və bəlkə də orta təhsil müddəti boyu bu gerilik özünü biruzə verəcəkdir. Bu yanlış fikirdir. Müşahidələrimizə əsasən, müəllim dostlarımızdan öyrəndiyimiz rəylərdən, valideynlərdən aldığımız sorğulardan məlum olur ki, məktəbəqədər hazırlıq qruplarının müsbət təsirləri var. Ancaq bu olmazsa olmaz prinsipi üzərində təbliğ edilməməlidir”.

Ekspert bildirir ki, dünyanın bir çox yerlərində uşaqlar məktəbə başlamadan öncə hazırlıq məşqləri edilir: “Hərflərin öyrənilməsinə cəhd aparılır, rənglər öyrədilir, rəqəmlər, sadə riyazi məsələlər öyrədilir. Müxtəlif maraqlı beyin oyunları keçirilir. Dünyanın bir çox yerlərində bu belədir. Azərbaycanda isə artıq bu rəsmiləşdi və məktəbəqədər hazırlıq qruplarına çevrildi”.

Valideynlərin uşaqlarını bu qruplara göndərməsi, uşaqların düzgün şəkildə tədris ilə sosiallaşmasına, götürmə qabiliyyətinə, diqqət vəidarəetmə bacarığına, analiz qabiliyyətinə çox müsbət təsir göstərəcəkdir. Məktəbəqədər hazırlıq qruplarında dərs deyən müəllimlərin işi orta məktəb müəllimlərindən heç də asan deyil, əksinə çətindir. Onlar azyaşlıların psixologiyasını bilməli və müsbət istiqamətləndirməli, onların diqqətini maarifçi meyar üzərində saxlamalıdırlar ki, bu da olduqca çətin işdir”.

Elmin Nuri əlavə edib ki, bu müəllimlərdən gözlənilən tələb  psixoloji idarəetmə bacarığıdır: "Məktəbəqədər hazırlıq qruplarının fəaliyyəti müsbət təhlil olunmalıdır. Burada heç bir psixoloji, fizioloji, zehni geriləməyə səbəb olan detallar yoxdur”.

Aytac Baxış,

Sitat.info




Xəbər xətti