Düşünmək, yazmaq, yaratmaq tarix boyu insan ağlına xas olan keyfiyyətlər olub. Amma müasir dövrdə süni intellekt artıq insanlara rəqib ola biləcək dərəcədə inkişaf edib. Bu da texnoloji inkişafın və süni intellektin inkişafının səbəb olacağı problemləri indidən düşünmək üçün ciddi əsaslar yaradır. Süni intellekt yaxın gələcəkdə hansı sahədə çalışanları işsiz qoyacaq? Gələcək üçün sənət və peşə seçən, ali təhsil almağı hədəf qoyan gənclər süni intellektin və texnoloji inkişafın insanı əvəz edə bilməyəcəyi hansı sahələri seçməlidirlər?
Bu suallar ətrafında təhsil eksperti Kamran Əsədov Sitat.info-ya açıqlama verib.
O bildirib ki, müasir dövrdə İT texnologiyaların və süni intellektin sürətlə inkişafı, həyatımızın bir çox sahəsinə ciddi təsir göstərir və bir çox peşənin gələcəyini dəyişdirir: "Bu dəyişikliklər, xüsusilə rutin işlərin avtomatlaşdırılması ilə əlaqədardır. Süni intellektin üstünlükləri arasında yüksək sürət, dəqiqlik və işin fasiləsiz davam etdirilməsi var ki, bu da bəzi sahələrdə işçilərə olan ehtiyacı azaldır".
K.Əsədov vurğulayıb ki, bəzi sahələrdə çalışanlar üçün bu texnologiya təhdid kimi görünə bilər: "Məsələn, mühasibatlıq, maliyyə analizləri, data işləmə kimi sahələrdə süni intellekt artıq bir çox funksiyanı avtomatikləşdirməyə başlayıb. Eyni zamanda, fabrik işçiləri, kassir, sürücü, mətn və şəkil redaktorları kimi daha sadə və təkrarlanan işlər də tədricən sıradan çıxmaq üzrədir. Artıq bəzi böyük şirkətlər robotlar və süni intellekt əsaslı sistemlər vasitəsilə xidmətlərini göstərməyə başlayıblar. Belə olan halda, gələcəkdə bu iş sahələrində çalışanlar işsizlik riski ilə üzləşə bilərlər".
Ekspert qeyd edib ki, texnologiyanın inkişafı təkcə iş yerlərinin itirilməsi ilə məhdudlaşmır: "Yeni texnologiyaların gətirdiyi dəyişikliklər həm də yeni imkanlar və yeni peşələr yaradır. Xüsusən də rəqəmsal dünya, proqramlaşdırma, kibertəhlükəsizlik, data analizi, süni intellektin inkişafı və idarə olunması, biotexnologiya kimi sahələrdə baş verir. Gələcəkdə peşə seçimi edərkən gənclər məhz bu sahələrə yönəlməlidir. Çünki bu sahələrdə təhsil alanlar üçün iş imkanları geniş olacaq və onların bacarıqlarına hər zaman tələbat olacaq. İnsan təfəkkürü və yaradıcılığına əsaslanan sahələr gələcəkdə də öz yerini tutacaq. Məsələn, tibb, psixologiya, təhsil, incəsənət, dizayn kimi peşələr süni intellektin inkişafından qismən az təsirlənəcək. Bu sahələrdə insan əlaqəsi, empatiya, etik qərarlar və yaradıcı yanaşma tələb olunduğu üçün süni intellektin tamamilə əvəzləyə bilmədiyi sahələrdir. Buna görə də, insanlar gələcəkdə də bu sahələrdə yüksək peşəkarlıq səviyyəsi ilə öz yerini qoruyub saxlayacaqlar".
Bəs ali təhsil sistemində hansı dəyişikliklər olmalıdır sualına isə Kamran Əsədov belə cavab verib: "Ali təhsil sahəsində süni intellekt və texnologiya ilə ayaqlaşan ciddi dəyişikliklərə ehtiyac var. Tədris proqramları daha çox təcrübəyə əsaslanan, praktik bacarıqları inkişaf etdirən və texnologiya biliklərinə malik mütəxəssislər yetişdirəcək şəkildə yenilənməlidir. Gənclər daha çox texnoloji biliklərə yönəlməli, proqramlaşdırma, data analizi kimi sahələr üzrə təcrübə qazanmalı və eyni zamanda texnologiyanın mənəvi, etik aspektlərini də öyrənməlidirlər. Yəni, yalnız texniki bacarıqlar kifayət etmir, eyni zamanda bu texnologiyaların cəmiyyətə və insanlığa necə təsir göstərə biləcəyini dərk etmək vacibdir. Süni intellektin inkişafı ilə bəzi peşələrə tələbat olmaya bilər, lakin bu tamamilə sıradan çıxması demək deyil. Əksinə, insanın yaradıcılığı, düşünmə qabiliyyəti və sosial bacarıqları həmişə dəyərli olacaq və texnologiya ilə birlikdə işləməyi bacaran insanlar üçün yeni imkanlar yaradacaq. Texnologiyanı daha yaxşı anlamaq və istifadə etmək bacarıqları gələcəkdə uğur qazanmaq üçün ən vacib amillərdən biri olacaq".
Fatimə Zeynal,
Sitat.info