Hazırda Bakıda təxminən 5 milyona yaxın əhalki yaşayır və bunun gətirdiyi problemlər hər gün həyatımızda hiss edilməkdədir. Bölgələrdən köçən əhali daha çox şəhərətrafı kənd və qəsəbələrdə məskunlaşsa da, hər gün təhsil və ya iş arxasınca şəhərin mərkəzinə üz tuturlar. Nəticədə günün istənilən saatlarında paytaxtın ana yollarında tıxaclar qaçılmaz olur. Əlbəttə, bu gün də davam edən köç prosesi əbəs deyil. Rayon və kənd əhalisi normal kommunal xidmətlər, təhsil, səhiyyə, ən əsası da iş dalınca şəhərə gəlir. Onların əksəriyyəti normal iş yerləri açılarsa, Bakıdan hər an rayonlara, evlərinə dönməyə hazırdırlar. Təbii ki, iş yerləri ilə yanaşı yaşam üçün lazımi infrastrukturun, ən azı normal təhsil və səhiyyənin inkişafı da vacibdir.
Mövzu ilə bağlı Sitat.info-ya danışan sosioloq Lalə Mehralı da qeyd etdi ki, heç kim rayonda yaxşı güzəranını qoyub, gəlib burada çox çətin şəraitdə yaşamaq istəməz: "Belə insanlar onları qane edəcək işə görə məcbur qalıb böyük şəhərlərə gəlirlər. İstər fabrik-zavodların açılması, istər kiçik sexlərin işləmə şəraitinin yaxşılaşdırılması və onlara xüsusi güzəştlərin tətbiq edilməsi ilə insanlar daha çox işlə təmin edilə bilər. Kənd təsərrüfatı imkanlarına xüsusi dəstəklər verə bilərlər”.
Ekspert vurğulayıb ki, rayon insanlarının kənddə və ya rayon mərkəzində yaşamasından asılı olaraq, iş əldə eləmək imkanı təmin edilməlidir: "Kənd sakini pay torpağından gəlirini əldə edə bilər. Lakin onların bazara çıxışı olmadığına görə öz məhsulunu sata bilmir. Çünki yarmarkalara gedə bilmir. Əgər yarmarkaya çıxa bilsə və yaxşı qiymətə məhsulu satarsa, gələn il də eyni məhsulu istehsal eləmək üçün marağı olacaq. Məhsulu əlində qaldığı üçün bu hal baş vermir”.
L. Mehralının sözlərinə görə, kəndli əkir, ancaq əkdiyini sata bilmir: "Kəndli can qoyur, varını-yoxunu əkininə yatırır və o umur ki, yaxşı qiymətə satsın, bütün problemlərini həll edə bilsin. Satış zamanı çatanda aşağı qiymətə satdığı üçün mayasını çıxara bilmir. Nəticədə kəndli məhsulu əkib-becərməkdə maraqlı olmur, çünki ona sərf etmir. Həm mayası batır, həm zəhməti...”.
Sosioloq qeyd edir ki, bütün bu səbəblərə görə kəndli maaşa işləməyi üstün tutur: ”Halbuki öz məhsulunu yaxşı becərib, yaxşı qiymətə sata bilsə, aylıq gəlirindən qat-qat daha yüksək gəlir əldə edə bilər. Məhsul ərsəyə gələndə bazara çıxa bilmir deyə alverçilərin dediyi qiymətlə razılaşmalı olur.Ona görə də əkmək marağında da olmur.Buna görə o iş axtarışında olur və nəticədə böyük şəhərlərə üz tutur. Əkin sahalərinin suyla təchizatında da ciddi problemlər var:”Kəndlilər əkmək istəyir,lakin suvarma sistemi ilə bağlı problemlər olduğu üçün fikrindən daşınırlar”.
Aytac Baxış,
Sitat.info