"Sülh üçün Türkiyə Batumidən, Rusiya isə Naxçıvandan vaz keçdi..." - 103 il öncə imzalanan Qars müqaviləsinin incə DETALLARI

12:33 13 Oktyabr 2024

Bu gün Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında bağlanmış Qars müqaviləsinin imzalanmasından 103 il ötür. 1921-ci il oktyabrın 13-də imzalanan və Moskva müqaviləsindəki müəyyənləşdirilmiş müddəalarla üst-üstə düşən Qars müqaviləsi ilə Türkiyə və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) arasında məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olunub. Müqaviləyə görə, Türkiyə ərazi verilməsi baxımından heç bir güzəştə getməyərək şimal-şərq sərhədlərini qoruyub saxlayıb, Naxçıvanla bağlı məsələ öz ədalətli həllini tapıb. Məhz bu müqavilə Cənubi Qafqazın o dövr üçün mənzərəsini açıq şəkildə ortaya qoyaraq mühüm bir tarixi mərhələ yaradıb.

103 il öncə imzalanan müqavilənin bu günümüz üçün əhəmiyyətini Sitat.info-ya açıqlamasında dəyərləndirən professor Dr. Mehmet Ali Bolat bildirib ki, bu gün Türkiyə-Ermənistan sərhədinin açılmasından tutmuş Naxçıvanın statusuna qədər bütün məsələlərdə Türkiyənin əsas dayağı Qars müqaviləsidir: "Türkiyəyə Naxçıvan və Batumi məsələlərində Ermənistan və Gürcüstana qarşı hüquqi və siyasi müdaxilə imkanı yaradan müqavilə, lazım gəldikdə hərbi sanksiyalara da hüquqi əsas verir. Qars müqaviləsi mümkün hərbi müdaxilədə Türkiyəyə beynəlxalq legitimlik verəcək əsasdır. Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsinə girməsi ilə başlayan prosesdə Qars müqaviləsi ilə Qafqaz sülhə nail ola bildi. Qafqaz cəbhəsində Osmanlı-Rus mübarizəsi davam edərkən, ermənilərin Anadoluda törətdikləri terror və soyqırımı Osmanlı idarəsini məcburi köçkünlük mənasını verən Deportasiyanı həyata keçirməyə sövq etdi. Ruslar inqilablar edib müharibədən çəkildikdən sonra Qafqaz Osmanlının nəzarətinə keçdi. Ancaq müharibə nəticəsində imzalanan Mudros sülh müqaviləsi ilə bölgəni tərk etmək məcburiyyətində qalan Türkiyə də Qurtuluş savaşı dövrünə girdi. Rusiya və Türkiyə daxili mübarizələri ilə yanaşı, İngiltərə başda olmaqla xarici təhlükələrlə mübarizə aparırdılar. Ümumi düşmənin olması iki dövləti bir araya gətirir, lakin Qafqazda əsrlərlə davam edən rəqabət buna mane olur". 

M.Ali Bolat qeyd edib ki, Türkiyənin milli varlığını təhlükə altında idi və o səbəbdən Qafqazda Qars, Ərdahan və Batumi xaricindəki bölgənin İngiltərənin nəzarətindən çıxaraq Rusiya hakimiyyətinə keçməsini iki pisdən daha yaxşısı olaraq görünürdü: "İki tərəfin bu istiqamətdə səyləri nəticəsində Azərbaycan, Ermənistan və Gürcüstan müvafiq olaraq bolşevikləşdirilərək Rusiyanın nəzarətinə kieçdi, Türkiyə isə hədəf aldığı bölgəni nəzarətə aldı. Lakin Türkiyə-Rusiya sülhü naminə, Türkiyə Batumidən, Rusiya isə Naxçıvandan imtina etdi. Batumi strateji baxımdan Qafqazın bu gün də xaricə açılan yeganə qapısı olduğu üçün o dövrdə Qafqaza hökmranlıq edən Rusiya üçün həyati əhəmiyyət kəsb edirdi. Naxçıvan Türkiyənin türk dünyası, o cümlədən Azərbaycan və Türküstanla təmasını təmin edəcək tək qapı idi. Ruslar Naxçıvanı Ermənistana vermək istəyirdilər və bolşevik Azərbaycanı buna razı salmışdılar. Ona görə də Batumu almaq üçün Naxçıvandan Türkiyə yox, türklərin xeyrinə imtina etdilər. Əgər Naxçıvan bu gün də türk vətənidirsə, bu, Türkiyənin təkidli tələbləri və rusların imtian etməsi sayəsindədir".

Professor vurğulayıb ki,  nəhayət Türkiyə və Rusiya Moskva müqaviləsi ilə razılığa gəldilər: "Halbuki Qafqazda Rusiyadan asılı olan, lakin Türkiyədən müxtəlif tələbləri olan ölkələr var idi. Ermənistan və Gürcüstanın Türkiyə ilə həll edilməli olan problemləri var idi. Rusiya bu məsələləri Moskva müqaviləsi ilə həll etməyi öhdəsinə götürdü. Türkiyə və Rusiyanın iradəsi ilə çağırılan konfrans nəticəsində Qars müqaviləsi imzalandı və uzun müddət davam edən qarşıdurmaya son qoyuldu. Əldə olunan sülh nəticəsində çəkilən sərhəd indi də qüvvədə olan sərhəddir.
İkinci Dünya Müharibəsi illərində Rusiyanın Qafqazda müharibəyə qayıtması ehtimalı Türkiyənin beynəlxalq manevrləri sayəsində boşa çıxdı. Moskva və Qars müqaviləsindən sonra Qafqaz sərhədi Türkiyə üçün sakitdir. Sərhədin o tayında qarşıdurma, sürgün və iztirablar davam etsə də, Türkiyəyə sıçrayan bir qığılcım olmadı.Sovet İttifaqının dağılmasından sonrakı yeni dövrdə Qafqaz bütün dondurulmuş münaqişələrin yenidən alovlandığı coğrafiyaya çevrildi. Bu şəraitdə Ermənistan Azərbaycana hücum etdi və onun torpaqlarını işğal altında saxlamaqda davam etdi. Gürcüstanla problemlərini hələlik bir kənara qoyan Ermənistan Türkiyəyə qarşı düşmən münasibəti formalaşdırdı Türkiyənin müsbət addımlarına könülsüz cavab verən və ilk fürsətdə geri qayıdan bir ölkə olaraq Qars müqaviləsinin mövcudluğu Ermənistana qarşı siyasi, hüquqi və hərbi müdaxilə üçün ən mühüm əsasdır".

Nərgiz Liftiyeva,

Sitat.info



Xəbər xətti