Süni intellekt yaradıcı insanlara rəqib ola bilərmi - Ekspertdən maraqlı yanaşma

17:35 15 Oktyabr 2024

Düşünmək, yazmaq, yaratmaq tarix boyu insan ağlına xas olan keyfiyyətlər olub. Amma müasir dövrdə süni intellekt artıq insanlara rəqib ola biləcək dərəcədə inkişaf edib. Bu da texnoloji inkişafın və süni intellektin inkişafının səbəb olacağı problemləri indidən düşünmək üçün ciddi əsaslar yaradır. Süni intellekt yaxın gələcəkdə hansı sahədə çalışanları işsiz qoyacaq? Gələcək üçün sənət və peşə seçən, ali təhsil almağı hədəf qoyan gənclər süni intellektin və texnoloji inkişafın insanı əvəz edə bilməyəcəyi hansı sahələri seçməlidirlər? Süni intellekt yaradıcı insanlara rəqib ola bilərmi?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri  Sitat.info-nun suallarını cavablandırıb. 

O qeyd edib ki, süni intellekt insan hisslərini ifadə edə bilməz: "Deyirlər ki, yazıçılar, bəstəkarlar lazım olmayacaq, çünki süni intellekt şeir də yazır, hekayə də yazır, musiqi də bəstələyir. Bu şişirdilmiş bir fikirdir. Şeir, musiqi, rəsm - bunlar insan hislərinin bənzərsiz əksidir. Hansı intellektual alət bunlar əks etdirə bilər? Unutmayaq ki, süni intellekt nələrisə edirsə, ona verilən bazalar əsasında hərəkət edir. Ona verilən əmrlərdən kənara çıxmaq gücündə  deyil. Onun hissi reaksiya bacarığı yoxdur, o bu istiqamətləri necə əvəz edə bilər?"

E.Nuri hesab edir ki, son illər süni intellektin kifayət qədər inkişaf etməsinə baxmayaraq, bu dünya üzrə iş yerlərinin çox az faizini təşkil edir: "Son illər süni intellektin kifayət qədər inkişaf etdiyi bir dönəm olmasına baxmayaraq, bu gün yüksək gəlirli ölkələrdə - Amerika və Avropanın inkişaf etmiş ölkələrində, həmçinin Yaponiya və Cənubi Koreyada belə süni intellekt iş yerlərinin yalnız 5,5 faizini əvəd edə bilib. Qarşıdakı 50 ildə də maximum 10 faizə çatacağı gözlənir. Nisbətən az inkişaf etmiş ölkələrdə, eləcə də Azərbaycanda bu göstərici 0,4 faiz təşkil edir".

Fatima Zeynal,

Sitat.info



Xəbər xətti