Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib

20:30 16 Oktyabr 2024

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Qərbi Azərbaycan İcması, “İrəli” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı baş tutub.

"Report" xəbər verir ki, festivalda Qərbi Azərbaycana məxsus tarixi fotolar və rəsm kompozisiyaları, müxtəlif kulinariya nümunələri sərgilənib.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında Dövlət Himni və “Koroğlu” operasından üvertüra səslənib.
Davamında isə “Gülüstan” rəqs ansambılı və “Dəcəl qızlar” rəqs qrupunun ifasında müxtəlif rəqs kompozisiyaları təqdim olunub.

Bədii hissənin davamında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət xalq çalğı alətləri ansamblının müşayiəti ilə gənc istedadlı xanəndələr Məftun Səfərli, Səfiyə Yaqublu və Mədinə Səlimovanın ifasında müxtəlif xalq və bəstəkar nəğmələri ifa edilib.

Sarayev adına 35 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında Qərbi Azərbaycan coğrafi ərazisinə xas olan aşıq havaları səsləndirilib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini Kamal Cəfərov gənclərin fəallığını yüksək qiymətləndirib.

"İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı festivalın keçirilməsinin əsas məqsədindən söz açıb:

"Bizim məqsədimiz Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və coğrafiyasını gənclərə tanıtmaq, Azərbaycan həqiqətlərini doğru və ətraflı şəkildə çatdırmaq, buna təşəbbüs göstərən gənclərə dəstək olmaqdır".

Tədbirdə çıxış edən digər rəsmilər də gənclərin fəallığını yüksək qiymətləndirərək onları mükafatlandırıblar.



Xəbər xətti