Kreml Zelenskini Moskvaya dəvət ETDİ
Kreml Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün görüşü ilə bağlı mövqeyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 23-də keçirdiyi brifinqdə Moskvanın yüksək səviyyəli görüşlərlə bağlı mövqeyinin dəyişmədiyini bildirib.
Peskovun sözlərinə görə, Zelenski Putinlə danışıqlar aparmaq üçün Moskvaya gələ bilər. O bildirib ki, belə bir səfər zamanı Ukrayna Prezidentinə lazımi təhlükəsizlik təminatları veriləcək.
Kreml nümayəndəsi qeyd edib ki, yüksək səviyyəli görüşdən əvvəl ekspertlər səviyyəsində müəyyən hazırlıq işləri aparılmalıdır.
“Zəruri təhlükəsizlik təminatları ona (Zelenskiyə – red.) veriləcək. O, hansı qərarların qəbul edilməli olduğunu çox yaxşı bilir. Əks halda, ekspertlər səviyyəsində iş aparılmadan yüksək səviyyədə görüş keçirmək məqsədəuyğun deyil. Çünki bu, vaxt itkisi olacaq”, – Peskov deyib.
Kreml sözçüsü əlavə edib ki, Rusiya sülh danışıqlarının aparılmasına açıq olaraq qalır.
Qeyd edək ki, Putinlə Zelenskinin mümkün görüşü ilə bağlı müxtəlif diplomatik təşəbbüslər müzakirə olunur. Lakin tərəflərin görüşün formatı və hazırlıq mərhələsi ilə bağlı mövqeləri arasında fərqlər qalır.