Bazarda qiymətlər "əl yandırır"! Məhsul çox, alıcılıq aşağı... Birbaşa fermer-alıcı əlaqəsini necə qurmaq olar?

15:45 18 Oktyabr 2024

Payızın gəlişi ilə bazarlarda məhsul bolluğu yaranıb. Lakin qiymətlər  heç də gözlənildiyi qədər əlverişli deyil. Bir çox meyvələrin qiyməti 1.50- 2.50 manat arasında dəyişir. Halbuki öncəki illərdə bu məhsullar 30-40 faiz daha ucuz təklif olunurdu. Əsas səbəblərdən biri də fermerlərin becərdikləri məhsulu birbaşa bazarlara çıxra bilməməsidir. Dəllallar fermerdən qəpik-quruşa aldıqları məhsulu Bakıya gətirib topdansatış bazarlarına satır, oradan isə pərakəndə satışla məşğul olan sahibkarlar məhsulu Bakının müxtəlif nöqtələrinə daşıyırlar. Yəni, ən yaxşı halda sahədən yığılanb məhsul 3-4 əl dəyişərək alıcıya çatır ki, bu da daşınma xərcindən əlavə 3-4 nəfərin qazanc payının qiymətin üzərinə gəlməsinə səbəb olur. Bəs birbaşa alıcı- fermer əlaqəsini necə təmin etmək olar? Əvvəllər müxtəlif nöqtələrdə təşkil olunan kənd təsərrüfatı yarmarkaları indi niyə gözə dəymir? 

İqtisadçı ekspert Akif Nəsirli Sitat.info-nun suallarını cavablandırarkən bildirdi ki, bu məsələni tənzimləmək üçün ölkənin böyük şəhərlərində və şəhərətrafı ərazilərdə bir neçə topdansatış bazarları təşkil olunmalıdır: "Belə bazarlar olmalıdır ki,  fermer heç bir ödəniş və maneələr olmadan bu bazara daxil olaraq məhsulunu sata bilsin. Bakıda yalnız “Meyvəli” bazarı var, amma Bakı ətrafında bu şəkildə ən azı 5 topdansatış bazarı olmalıdır ki, həm satış imkanları geniş olsun, həm də o bazara sahibkar maneəsiz və ödəniş etmədən daxil ola bilsin. Bunun üçün lazım olan, bazara yetəcək ərazi ayırmaq və nəzarət etməkdir. Hökumət bunu təşkil edərkən ödənişsiz əsaslarla təşkil etməli, şəhər əhalisini ucuz qiymətə kənd məhsulları ilə təmin etməlidir".

Ekspert diqqətə çatdırıb ki, belə olan halda da fermer artıq əmin olur ki, öz becərdiyi məhsulu Bakıya gətirsə sata biləcək: “Bu zaman fermer məhsulunu həyətində yox, Bakı və Bakı ətrafı ərazilərdə satacaq. Nəticədə həm fermerin malı əlində qalmayacaq, həm də qiymətlər aşağı düşəcək”.

A.Nəsirli deyib ki, Kənd Təsərrüfatı Nazirliyinin həftədə bir dəfə şəhərin mərkəzində görüntü xatirinə təşkil etdiyi “ Kənddən şəhərə yarmarkaları” bu vəzifəni yerinə yetirə bilməz: “ Bu bazarlar, yarmarkalar şəhərətrafl ərazilərdə təşkil olunmalıdır. Bakı ətrafında ən azı 4 bazar olmalıdır”.

Ərazilərə gəldikdə isə ekspert bildirib ki, bazarlar daha çox Sumqayıt çıxışı, Əhmədli ərazisi və şəhər mərkəzinə uzaq digər ərazilərdə olmalıdır: “ Fermerlərin sərbəst daxil ola biləcəyi, ödənişsiz satış edə biləcəyi topdansatış bazarları Bakı və digər böyük şəhərlərdə açılmalıdır. Bu gün bu problemi aradan qaldırmaq mümkündür”.

Tehran,

Sitat.info



Xəbər xətti