Gürcüstanda kritik seçkiyə geri sayım! Qərb Cənubi Qafqazdakı dayaqlarını itirə bilərmi?

12:58 22 Oktyabr 2024

Oktyabrın 26-da Gürcüstanda həlledici parlament seçkiləri baş tutacaq. Səsvermə gününə yaxınlaşdıqca ölkədə siyasi mübarizənin, qütbləşmənin şiddətləndiyinin müşahidə olunur. Mübarizə, əsasən, iqtidardakı “Gürcü Arzusu” partiyası ilə sabiq Prezident Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” arasında gedir. Bu seçkidə ya Qərb meylli, ya da Rusiya meylli partiya qalib gələcək. İkincilər qalib gələrsə, Qərb Cənubi Qafqazdakı əsas dayaq nöqtəsini itirmiş olacaq. Son vaxtlar Ermənistan baş naziri Nikol Paşinyanın da Moskvadan göstərişlər alması, Zəngəzur dəhlizinə nəzarət məsələsində Vladimir Putinlə barışması İrəvanın da Qərbdən addım-addım uzaqlaşdığını göstərir. Müstəqil və balanslı siyasət yürüdən Azərbaycan isə bu iki qonşusu qədər heç bir tərəfdən asılı deyil və böyük güclərin təsir zonası rolunu oynamır. Bu mənada Qərb Ermənistan və Gürcüstanın simasında Cənubi Qafqazdakı dayaq nöqtələrini itirə bilərmi? 

Mövzu ilə bağlı Sitat.info-ya danışan Ağ partiya başqanı Tural Abbaslı  Gürcüstandakı seçkilərin Cənubi Qafqazda Qərbin varlığını müəyyən etməsi məsələsi ilə razılaşmayıb: "Çünki hakimiyyətə kim gəlir gəlsin, Qərb orada mövcudluğunu qorumağa çalışır. Məsələn, Gürcüstandakı hazırkı iqtidar hakimiyyətdə qalsa, Qərb Gürcüstandan gedəcəkmi? Əlbəttə ki, yox! Və ya Paşinyan bu gün hakimiyyətdədir, Rusiya Ermənistandan əl çəkibmi? Yox! Ya da Azərbaycan Türkiyə ilə yaxınlaşıb, Rusiya və Amerika ilə düşməndirmi? Yox! Burada sadəcə olaraq indi prioritetlər məsələsi var. Ola bilər ki, Gürcüstan NATO-ya üzvlük məsələsini yubatdı və ya Avropa ittifaqının hansısa qanunlarının qəbul olunması yubandı. Müxalifət qalib gələrsə, bu məsələlər sürətlənər”.

T.Abbaslı vurğulayıb ki, Gürcüstanda müxalifət qalib gələrsə, Qərbin mövcudluğunun bitəcəyini demək olmaz: "Yəni, Qərb başqa siyasi qüvvələrlə yenidən gündəmə gələcək. Necə Ermənistanda, Azərbaycanda, Ukraynada və digər bir çox ölkələrdə... Gürcüstandakı hazırkı iqtidarı Rusiyapərəst kimi damğalamaq düzgün deyil, sadəcə Rusiya-Qərb arasında balanslı siyasət yürüdürlər. Onlar Rusiyanın Ukraynadakı "fəaliyyətini" görüb real siyasət aparırlar. Ona görə də Gürcüstandakı hazırkı iqtidarı da Rusiyanın tərəfdarı kimi təqdim etmək və ya Gürcüstandakı müxalifəti Qərbin yeganə dəstəkçisi kimi təqdim etmək doğru deyil”.

Partiya başqanının sözlərinə görə, Ermənistana da Qərbpərəst deyə bilmərik: ”Ermənistanla Rusiya arasında kifayət qədər normal münasibətlər var. Son zamanlarda münasibətlər əvvəlki dönəmə nisbətən istiləşir. İstər ticarət dövriyyəsi, istər Rusiya rəhbərliyinin Ermənistanla bağlı ehtiyatl  çıxışları, Paşinyanın Rusiyada baş tutan bütün tədbirlərdə iştirakı... Bunlar bir az nisbi yanaşmadır. Biz çalışmalıyıq ki, Cənubi Qafqaz savaş poliqlonuna,Qərbin, Rusiyanın, Çinin, Amerikanın müharibə meydanına dönməsin. Çünki Cənubi Qafqaz ölkələrində baş verən təlatümlər istər-istəməz pozitiv və ya neqativ şəkildə  Azərbaycana da təsir edir. Yəni bu zamandan və şəraitdən asılı olan məsələlərdir. İndiki zamanla baxanda bu tərzdə yanaşmaq olar. Bu o demək deyil ki, elə biz dediyimiz kimi olacaq. Dünyada siyasət, siyasi reallıqlar artıq aylarla, illərlə deyil,  dəqiqələrlə, saniyələrlə dəyişə bilər. Ona görə zamanla  nələr olacağını görəcəyik”. 

Aytac Baxış,

Sitat.info



Xəbər xətti