Günümüzdə, eləcə də uzun illərdən bəri daim müşahidə olunan hallardan biri ixtisas seçimi zamanı valideynlərin öz övladlarına seçim haqqı verməməsidir. Bir çox hallarda şagirdlər ümumiyyətlə dərslərində zəif olur və ali təhsilə deyil, hansısa peşəyə maraq göstərirlər. Amma bu halda da valideynlər qohum-qonşunun uşağına inad övladını ali məktəbə hazırlaşdırmağa can atır və peşə təhsilinə yönəlməsinə qətiyyən imkan vermir. Çox zaman ixtisas seçimi ərəfəsində olan yeniyetmələrə bu cür basqılar edirlər. Bəs bu nə qədər doğrudur və gəncin gələcəyinə, iş həyatına necə təsir edir?
Mövzu ilə bağlı Sitat.info-nun suallarını cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, təhsil eksperti Elmin Nuri 9-cu sinifə qədər şagirdlərin normal təhsil prosesindən faydalanmalı olduğunu bildirdi: "Azərbaycan təhsil sistemində 9-cu sinifə qədər təhsil icbaridir və valideynlərin 9-cu sinifə qədər uşaqları təhsildən yayındırmaq və ya buna cəhd etmə halları qanun qarşısında yolverilməzdir. Bu cür valideynlər qanun qarşısında xüsusi məsuliyyət daşıyırlar. Amma gəlin etiraf edək ki, Azərbaycanda təhsil sistemində nə kimi problem olurSA olsun, təhsildən yayındırma digər ölkələrə nisbətən daha nadir görülür.
Valideynlərin övladlarını ali təhsilə məcbur etməsinə gəlincə, ekspert vurğuladı ki, bu addım gənclərin istedadlarının itib-batmasına səbəb olur: "Sağlam düşüncəli valideyn anlamalıdır ki, uşağı sevmədiyi və ya alındıra bilmədiyi bir tərəfə yönəltdikdə onun öz istəyi, başqa sahədəki bacarığı da itib-batacaq. Hər kəs ali təhsil almalıdır deyə, bir qayda yoxdur. Bəzi insanlar təhsil, bəzi insanlar isə peşə yönümlü olurlar. Bəzən valideynlər övladına bu basqını, ətrafın ona yeritdiyi düşüncələr hesabına edir. Çünki valideynlər üçün fərqi olmur ki, onun övladı hansı univetsitetdə təhsil alacaq. Ona maraqlı olan sadəcə övladının tələbə adını qazanmış olması və ətrafla müqayisə edilməməsidir. Belə olduqda isə uşaq bir fərd olaraq şəxsiyyətə çevrilib özünü göstərə bilmir".
E. Nuri hesab edir ki, biz cəmiyyət olaraq şagirdləri öz istəyi və potensialı üzrə qiymətləndirmirik: "Gərək biz şagirdləri, cəmiyyətdə hansı statusda daha yaxşı olacaqsa, o yönə göndərək. Hətta bizim cəmiyyət elə hala gəlib ki, şagirdlər özündən başqa hamı onun yerinə qərar verir. Belə ki ailəsindən kənar şəxslər də fikir bildirirlər. Bəs, belə olan təqdirdə, həmin insanın universitet və iş həyatından nə qədər böyük nailiyyətlər gözləyə bilərik? Əlbəttə heç nə. Çünki həmin şəxs xoşbəxt deyil və buna görə də o, yetərincə uğurlu olmayacaq. Bunlara hələ nə qədər sübut göstərə bilərik, amma bu artıq psixoloji və fizioloji hadisələrdir ki, yetərincə aydın şəkildə həmin şəxsin uğursuz olacağını əvvəldən bizə göstərir".
Ceyran,
Sitat.info