BRİCS iqtisadi birlik kimi: ABŞ-ın dollar hegemonluğuna son qoyula bilərmi?

15:47 29 Oktyabr 2024

Müasir dövrümüzün ən aktual problemlərinə kollektiv həll yollarının axtarışı kimi önəmli bir prinsipə söykənən BRICS inkişaf etməkdə olan ölkələrin səsini qlobal səviyyədə daha təsirli çatdırmağa və iqtisadi asılılığı azaltmağa çalışır. Dünyanın siyasi qütblərinin yenidən formalaşdığı bir zamanda meydana çıxan BRİCS iqtisadi baxımdan özünü doğruldacaqmı? Birliyin dövlətləri tərəfindən vahid valyuta yaradıla və dolların dünya iqtisadiyyatındakı hegemonluğuna son qoya bilərmi?

Sitat.info-ya açıqlamasında bu sualı dəyərləndirən iqtisadi ekspert Akif Nəsirli bildirib ki, BRİCS hələ ciddi gücə malik deyil: "Düzdür, BRİCS ölkələrində dünya neftinin 40 faizi hasil olunur, dünya ümum daxili məhsulunun 29 faizi istehsal edilir. Amma bütün bunlara baxmayaraq, bu birliyin hələ ümumi heç bir şeyi yoxdur. Yəni, elə bir böyük layihə yoxdur ki, bu birliyin heç olmaya 60, 70 faizini əhatə etsin. Və yaxud elə bir fəalliyət mexanizmi, vasitə yoxdur ki, bunun vasitəsi ilə BRİCS dünyada nəyəsə təsir etsin”.

Ekspert qeyd edib ki, hələ təsiredici gücə malik olmamasına baxmayaraq, BRİCS-dən gözləntilər yüksəkdir: "Ancaq gözləntilər var. Ona görə ki, bu birlikdə böyük iqtisadiyyata malik olan, ABŞ kimi bir dövlətlə rəqabət aparan Çin dövləti, müəyyən sərvətlərə sahib olan Hindistan, dünya sərvətlərinin 40 faizini özündə birləşdirən Rusiya var. Daha sonra dünya petrolunun əsas istehsalçılarından olan İran bu birliyə maraq göstərir və ola bilsin ki, gələcəkdə o da üzvlüyə cəlb olunacaq. Sadaladığım dövlətlərin hamısının iqtisadi imkanları var, amma bu imkanları bir yerə cəlb edib BRİCS-i, istər iqtisadi, istər coğrafi baxımdan bütövləşdirmək lazımdır”.

A.Nəsirli hesab edir ki, iqtisadi birliyin yaranmasından sonra ümumi bir valyuta və bank sisteminin yaradılması mümkündür: “Artıq bu prosesdən sonra ümumi bir valyuta, ümumi bank sistemi yaranmalıdır. Yəni, əslində hər şey iqtisadi birlikdən asılıdır. Bu birlik qurula bilsə, BRİCS həm BMT-yə alternativ siyasi qurum yarada bilər, həm NATO-ya alternativ hərbi birlik yarada bilər. Beləliklə, dünya üzərində yeni idarəetmə sistemi formalaşdıra bilər. Bunun baş tutması isə dünyada ədalətin bərqərar olması üçün vacib elementlərdən sayılır. Çünki Amerikanın özbaşına davranışı ilə dünyada ədalətsiz bir sistem yaradıb. Bilirik ki, bu gün həm BMT, həm NATO, həm Avropa qurumları ABŞ-ın sözüylə oturub-durur. ABŞ da kim xoşuna gəlməsə, qanunsuz-qaydasız istədiyi kimi cəzalandırır.  Hətta artıq o səviyyəyə gəlib ki, ABŞ narkoticarəti dövlət səviyyəsinə qalxmış ölkələri belə bəzən dəstəkləyir.  Bu ədalətsizliklərin aradan qaldırılması üçün dünyada alternativ hərbi, iqtisadi, siyasi güc mərkəzləri yaranmalıdır ki, onlar bir-biri ilə rəqabət şəraitində daha ədalətli olsunlar”.

Fatima Zeynal, 

Sitat.info 



Xəbər xətti